Azərbaycan Turizm Bürosu fevralın 20-də Bakıda keçirilən “Luxury Travel. Spring edition” (“Lüks səyahət. Bahar buraxılışı”) adlı silsilə tədbirdə təmsil olunub. Tədbir çərçivəsində 20-dən çox B2B (Biznesdən-biznesə) formatlı görüş keçirilib, əməkdaşlıq əlaqələri qiymətləndirilib.
Dövlət Turizm Agentliyindən bildirilib ki, görüşlər zamanı Azərbaycanda yaz-yay turizm mövsümü, Bakı və regionlarda fəaliyyət göstərən hotellər, müalicəvi kurortlar təbliğ edilib. Ölkəmizdə keçiriləcək konsertlər və bu növ irimiqyaslı tədbirlər, Bakı və Bakıətrafı mədəni irs obyektlərinə ekskursiyalar haqqında məlumat verilib.
“Luxury Travel. Spring edition” tədbirləri fevralın 23-də Özbəkistanın paytaxtı Daşkənddə, fevralın 26-da Qazaxıstanın Almatı şəhərində və 29 fevral – 1 mart tarixlərində isə Rusiyanın Moskva şəhərində keçiriləcək.
Əsasən lüks turizm məhsullarının təklifinə istiqamətlənən tədbir çərçivəsində Rusiya, Qazaxıstan və Özbəkistanda fəaliyyət göstərən 60-dan çox şirkətlə B2B formatlı görüşlər təşkil ediləcək.
Görüşlərdə Azərbaycan Turizm Bürosu ilə yanaşı, “Şahdağ” Turizm Mərkəzi də təmsil olunacaq.