“Bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və heç vaxt olmayacaq”

 

Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə fevralın 18-də Türkiyəyə rəsmi səfərə gedib.

Dövlətimizin başçısı fevralın 19-da Ankarada Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni –  Anıtqəbiri ziyarət edib, xatirə kitabına ürək sözlərini yazıb.

Prezident fevralın 19-da Ankaradakı Heydər Əliyev parkında Ulu öndərin abidəsini də ziyarət edib.

Ərazisi təxminən bir hektar olan park 2004-cü ildə salınıb. 2012-ci ildə burada əsaslı yenidənqurma işləri görülüb. Parkın girişində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın 2004-cü il aprelin 4-də əkdikləri xan çinarı ağacları və bu barədə məlumatın qeyd edildiyi mərmər lövhələr var. Heydər Əliyev parkında 1200 nəfərlik amfiteatrda müxtəlif bədii-kütləvi tədbirlər və konsertlər təşkil olunur. Parkın ərazisində tikilən “Buta” Azərbaycanı Təbliğ Evi də fəaliyyət göstərir.

***

Fevralın 19-da Türkiyə Prezidentinin Sarayında – Külliyədə Prezident İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub.

Prezidentlərin təkbətək, daha sonra geniş tərkibdə görüşləri olub.

Görüşdə çıxış edən Rəcəb Tayyib Ərdoğan Prezident İlham Əliyevin fevralın 7-də keçirilən seçkilərdə qələbəsindən sonra ilk rəsmi səfərini Türkiyəyə etməsindən məmnunluğunu ifadə edib: “Bu yeni dövrdə mükəmməl səviyyədə davam edən əməkdaşlığımızı həmişəkindən daha yüksək səviyyəyə çatdıracağımıza ürəkdən inanıram. Əziz qardaşımla bir az əvvəl çox faydalı bir görüş keçirdik, xüsusilə ticarət, enerji və müdafiə sənayesi sahələrindəki əlaqələrimizi müzakirə etdik. Ermənistanla münasibətlər başda olmaqla regional proseslər haqqında fikir mübadiləsi apardıq...”.

Türkiyə lideri əlavə edib ki, bu ilin may ayında Ankarada keçiriləcək birgə iqtisadi komissiyanın 11-ci iclası bu istiqamətdə hazırlanacaq “Yol xəritəsi”nin müəyyənləşdirilməsinə fayda verəcək.

Prezident Ərdoğan Azərbaycanın D8-ə (1997-ci ildə səkkiz müsəlman ölkəsinin (Türkiyə, Banqladeş, İndoneziya, İran, Malayziya, Misir, Nigeriya, Pakistan) iştirakı ilə qurulan iqtisadi əməkdaşlıq platforması – Developing-8) üzvlük müraciətini ən güclü şəkildə dəstəklədiklərini vurğulayıb: “Bəzi tərəddüdləri olan Misir başda olmaqla, D8 üzvləri arasında bu istiqamətdə təşəbbüslər irəli sürdüm və irəli sürməkdə də davam edəcəyik”.

Prezident İlham Əliyev də həmkarı ilə təkbətək görüş əsnasında bir çox məsələləri müzakirə etdiklərini, bu il üçün və gələcək illər üçün “Yol xəritəsi”ni bir daha gözdən keçirdiklərini deyib. “Müdafiə sənayesi sahəsində çox gözəl irəliləyişlər var və prezident seçkilərindən iki gün sonra mənim iştirak etdiyim ilk tədbir “Bayraktar Akıncı” PUA-sının təqdimatı idi”, – deyə İlham Əliyev diqqətə çatdırıb.

***

Sonra prezidentlərin iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub.

“Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Türkiyə Respublikasının Ali Təhsil Şurası arasında Türkiyə-Azərbaycan Universitetinin yaradılmasına dair Anlaşma Memorandumu”, eləcə də iki ölkənin hökumətləri arasında baytarlıq sahəsində, iki ölkə  arasında gəlirlərə görə vergilərə münasibətdə ikiqat vergitutmanın aradan qaldırılması və vergidən yayınmanın qarşısının alınması haqqında sazişlər imzalanıb.

***

Türkiyə və Azərbaycan liderləri daha sonra mətbuata bəyanatlarla çıxış ediblər.

 

Prezident Rəcəb Tayyib Ərdoğanın bəyanatından

 

Azərbaycan ilə əməkdaşlığımızın Ümummilli lider Heydər Əliyevin vurğuladığı “Bir millət, iki dövlət” şüarı əsasında irəlilədiyini görürük. Ümumi ticarət dövriyyəmiz keçən il ilk dəfə 7,5 milyard dollar səviyyəsinə çatdı. 15 milyard dollarlıq hədəfimizə çatmaq üçün səylərimizi artırmaqda qətiyyətliyik.

Kritik meydan oxumaların yaşandığı bir dövrdə ölkələrimizin nəqliyyat və enerji sahələrindəki potensialını inkişaf etdirməli olduğumuz aşkardır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti əsasən bunun ən konkret nümunələrindəndir. Bu xətdən ən yüksək səmərə götürmək üçün bərpa işləri sürətlə başa çatdırılmalıdır.

Ötən ilin sentyabrında “Türk qapısı” Naxçıvana səfərim zamanı hörmətli Əliyev ilə birlikdə Qars-Naxçıvan dəmir yolu layihəsi ilə bağlı niyyət protokolunu bu düşüncə ilə imzaladıq.

TANAP-ın imkanlarının artırılması, Xəzərin təbii qazının Türkiyəyə və Avropaya çatdırılması bu istiqamətdəki prioritetlərimiz arasındadır. Naxçıvana səfərim çərçivəsində təməlini qoyduğumuz İğdır-Naxçıvan təbii qaz boru kəməri layihəsi ilə enerji sahəsində əməkdaşlığımızı yeni bir səviyyəyə çatdırdığımızı da xatırlatmaq istəyirəm.

 

“Regionda sabitlik üçün birlikdə çiyin-çiyinə hərəkət edirik”

 

Cənubi Qafqazda sülh və sabitliyə dair atılan addımları da müzakirə etdik. Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün imzalanmasının bölgəmiz və dünyada sülh, əmin-amanlıq və sabitlik üçün yeni bir ümid mənbəyi olacağı şübhəsizdir. Bu prosesdə Azərbaycan ilə birlikdə çiyin-çiyinə hərəkət edirik. Qarabağda işğala son qoyulması ilə birlikdə bölgəmizdə davamlı sülh üçün tarixi bir fürsət pəncərəsi açıldı. Bu fürsət pəncərəsinin bağlanmaması çox önəmlidir. Ermənistanın uzaqgörənliklə düşünərək strateji bir perspektivlə bu prosesi dəyərləndirməli olduğuna inanıram. Üçüncü tərəfləri də prosesi zəhərləmək əvəzinə, konstruktiv töhfələr verməyə dəvət edirik.

Ailə məclisimiz olan Türk Dövlətləri Təşkilatındakı birliyimizin daha da təsisatlanması və güclənməsi üçün çalışmaqda davam edirik. İyul ayında təşkilatımızın fövqəladə Zirvə görüşünün Türk dünyasının mədəniyyət paytaxtı Şuşada keçirilməsi ilə əlaqədar xüsusilə məmnunluğumu bildirmək istəyirəm.

Qarşıdakı dövrdə Can Azərbaycan ilə qardaşlıq hüququmuz və Şuşa Bəyannaməsində ortaya qoyduğumuz ruhla yol getməkdə davam edəcəyik.

Əziz qardaşımın şəxsində bütün Azərbaycan xalqına ötən il 6 fevral zəlzələləri zamanı millətimizə göstərdiyi həmrəyliyə görə təşəkkür edirəm. Digər yardımları ilə yanaşı, Azərbaycan Kahramanmaraşda 32 hektar ərazidə 1000 ev və 799 iş yeri inşa etməkdədir.

 

Prezident İlham Əliyevin bəyanatından

 

Bu gün Türkiyə-Azərbaycan birliyi təkcə bölgə üçün deyil, Avrasiya üçün önəmli amilə çevrilib... Türkiyə bu gün dünya çapında söz sahibidir. Təkcə bölgəmizdə deyil, dünya çapında bir çox məsələlər Türkiyənin mövqeyindən asılıdır. Türkiyə bölgəmizdə əmin-amanlığın, sülhün və işbirliyinin qarantıdır. Türkiyənin güclü sənaye potensialı, güclü iqtisadiyyatı, o cümlədən hərbi gücü Türk dünyasına mənsub olan hər bir insanı sevindirir.

2020-ci ilin noyabr ayında İkinci Qarabağ savaşı başa çatanda Azərbaycan işğalda olan ərazisinin böyük hissəsini azad etmişdir və bütün 44 gün ərzində Türkiyə bizim yanımızda idi... Azərbaycan xalqı bu qardaşlıq dəstəyini heç vaxt unutmayacaq. Bu gün söhbət əsnasında mən demişdim ki, ondan əvvəl də Türkiyə-Azərbaycan əlaqələri qardaşlıq əlaqələri idi. Ancaq İkinci Qarabağ savaşından sonra bizə göstərilən dəstək bu əlaqələri yeni yüksək zirvəyə qaldırdı. Bu gün Müttəfiqlik Bəyannaməsini əsas götürərək biz bütün məsələlərdə bir yerdəyik, bir nöqtəyə vururuq.

Biz öz gücümüzə güc qatırıq və təbii ki, Türk dünyasının birləşməsi, ortaq köklərə sahib olan xalqların bir arada olması Türk Dövlətləri Təşkilatının hər bir üzvünü gücləndirəcək. Bu gün bu məsələ ilə də bağlı geniş müzakirə aparılmışdır. Türk Dövlətləri Təşkilatının Şuşada keçiriləcək qeyri-rəsmi Zirvə görüşü, hörmətli Prezidentin qeyd etdiyi kimi, bu ilin iyul ayında keçiriləcəkdir. Eyni zamanda müşahidəçi statusunda olan Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti də mənim dəvətimlə bu görüşdə iştirak edəcək və bu, bizim ümumi işimizə, Türk xalqlarının birliyi işinə növbəti güclü təkan verəcək.

Bizim birgə həyata keçirdiyimiz layihələr kifayət qədər çoxdur. Nəqliyyat, enerji layihələri bizim sərhədlərimizdən kənarda da artıq önəmli rol oynayır. Enerji və nəqliyyat təhlükəsizliyi bu gün dünya gündəliyinin ön sıralarında olan mövzulardır... Keçən il Azərbaycandan Türkiyəyə 9 milyard kubmetr təbii qaz ixrac edilmişdir. Əldə edilmiş razılaşmalar əsasında qazın həcminin artırılması nəzərdə tutulur, o cümlədən Türkiyə ərazisindən Avropaya gedən təbii qaz qitənin bir çox ölkələri üçün önəmli enerji təhlükəsizliyi məsələsidir. Bakı-Tbilisi-Qars dəmir yolu yüklərin həcmini 1 milyon tondan 5 milyon tona çatdırmaq üçün bu ilin ortalarında tam istismara verilməlidir.

 

“Bizim ordularımız bir yumruq anlamına gəlib”

 

Əməkdaşlığımızın önəmli istiqamətlərindən biri də hərbi sahədə işbirliyidir. Bizim ordularımız bir yumruq anlamına gəlib, hər il ən azı 10 hərbi təlim həm Türkiyədə, həm Azərbaycanda keçirilir və beləliklə, bizim hərbi gücümüz daha da artır. İkinci Qarabağ savaşı və ondan sonra düz 5 ay əvvəl keçirdiyimiz antiterror əməliyyatı bir daha onu göstərdi ki, Türkiyənin ordu modeli Azərbaycanda artıq tam oturuşub. Qarabağda keçirilmiş antiterror əməliyyatı ölkəmizin suverenliyini tam təsdiqləmişdir, artıq bölücü, separatçı qüvvələrə Azərbaycan ərazisində yer yoxdur və bundan sonra heç vaxt olmayacaq.

Bu gün təbii ki, müdafiə sənayesi sahəsində yeni imkanlar açılıb. Bu barədə də geniş müzakirələr aparıldı. Birgə istehsalla əlaqədar konkret planlarımız var.

Bu gün təhsillə bağlı önəmli anlaşma imzalanmışdır. Bu, gələcəyə yönəlmiş təşəbbüsdür. Türkiyə-Azərbaycan Universitetinin yaradılması, sadəcə olaraq, təhsil məsələsi deyil. Bu, bizim birliyimizin növbəti rəmzidir. Əminəm ki, yaxın gələcəkdə bu universitet nəinki Azərbaycanda, bölgədə ən aparıcı ali məktəblərdən birinə çevriləcəkdir.