Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə fevralın 16-da Heydər Əliyev Muzeyində bu muzeyin yaradılmasının 25 illiyi qeyd edilib.
NMR mədəniyyət nazirinin müavini Həsən Seyidov 25 yaşlı muzeyin müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli lider Heydər Əliyevin sağlığında adına yaradılan ilk muzey olduğunu vurğulayıb. Ölkəmizdə muzeyşünaslığın inkişafı sahəsində dahi liderin müstəsna xidmətlərindən danışan nazir müavini bildirib ki, Heydər Əliyev Muzeyi 18 fevral 1999-cu il tarixdə Naxçıvan şəhərində yaradılıb. Müdrik şəxsiyyət 1999-cu il oktyabr ayının 13-də muxtar respublikaya səfəri zamanı muzeylə tanış olub. Ulu öndərin muzey ziyarəti zamanı çəkilmiş tarixi fotoları da ekspozisiyada nümayiş etdirilir.
Həsən Seyidov diqqətə çatdırıb ki, Prezident İlham Əliyevin “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramının təsdiq edilməsi haqqında” sərəncamının icrasına uyğun olaraq, Heydər Əliyev Muzeyinin maddi-texniki təminatı təkmilləşdiriləcək, muzeyin əməkdaşları müvafiq təlimlərə cəlb olunacaq.
Həsən Seyidov yubiley münasibətilə muzeyin əməkdaşlarını və tədbir iştirakçılarını təbrik edib, dahi şəxsiyyətin həyat və fəaliyyətinin təbliğ edilməsi işində uğurlar arzulayıb.
Yeni Azərbaycan Partiyası Naxçıvan Şəhər Təşkilatının sədri, NMR Ali Məclisinin deputatı Elman Cəfərli bildirib ki, Heydər Əliyevin mənalı həyatının əsas qayəsini Azərbaycan təşkil edirdi. Ulu öndər ölkəmizə rəhbərliyinin birinci dövründən başlayaraq respublikamızın iqtisadi inkişafı ilə yanaşı, milli-mənəvi dəyərlərimizin təbliği və qorunmasına böyük diqqət göstərirdi. Ümummilli liderin xalqımız qarşısında ən böyük xidmətlərindən biri də siyasi varisliyi təmin edərək Azərbaycanın taleyini müzəffər Ali Baş Komandan İlham Əliyevə əmanət etməsi idi.
Tədbirdə daha sonra NMR Gənclər Fondunun şöbə müdiri Arzu Qasımovun və Heydər Əliyev Muzeyinin direktoru Əməkdar mədəniyyət işçisi Ramil Orucəliyevin çıxışları dinlənilib. Muzeyin direktoru bildirib ki, 420 eksponatla fəaliyyətə başlayan muzeydə dahi siyasətçinin örnək həyat yolunu, ictimai-siyasi fəaliyyətini əks etdirən kitab, qəzet və jurnallardan, imzaladığı fərman və sərəncamlardan , protokol və müqavilələrdən, məktub və teleqramlardan, istifadə etdiyi əşyalardan ibarət, ümumilikdə, 5466 eksponat toplanıb. Bu gün Naxçıvana gələn hər bir qonağın ilk üz tutduğu məkan, bütün tədbirlərin ilk başlanğıc yeri məhz Heydər Əliyev Muzeyidir. Ötən il muzeyin 20 mindən çox ziyarətçisi olub.
Çıxışlardan sonra muzeyin fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirilib. Sonda tədbir iştirakçıları ekspozisiya ilə tanış olub.