Azərbaycan ədəbi ictimaiyyətinə ağır itki üz verib. Görkəmli nasir, dramaturq, şair, ssenarist, Xalq yazıçısı Mövlud Süleymanlı 21 fevral 2024-cü il tarixində, ömrünün 81-ci ilində vəfat edib.

Mövlud Süleyman oğlu Balakişiyev (Mövlud Süleymanlı) 1943-cü il martın 18-də Qərbi Azərbaycanda – Ermənistan SSR-in Kalinino rayonunun Qızıl Şəfəq kəndində anadan olub. 1967-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki BDU) Filоlоgiyа fakültəsini bitirib.

1968-ci ildə Аzərbаycаn Radiosundа əmək fəaliyyətinə başlayıb. 1992–2009-cu illərdə Аzərbаycаn Dövlət Telerаdiо Şirkətinin rаdiо üzrə sədr müavini vəzifəsində işləyib. Həmçinin “Azərbaycanfilm” kinostudiyasında, “Ulduz” və “Azərbaycan” jurnallarında müxtəlif vəzifələrdə çalışıb.

Ədəbi yaradıcılığa lirik şeirlərlə başlayıb. “Əllərim” adlı ilk şeiri 1964-cü ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunub. Daha sonra “Bir ünvan” adlı şeirlər kitabı işıq üzü görüb.

70-ci illərdə daha çox nasir kimi şöhrət qazanan Mövlud Süleymanlının povest və hekayələrindən ibarət “Ayın aydınlığında” (1979) kitabı ədəbi ictimaiyyətin diqqətini cəlb edib. 80-ci illərdə roman janrına müraciət edən yazıçının “Köç”, “Ceviz qurdu” kimi əsərləri həmin dövr üçün Azərbaycan romançılığının inkişafında ayrıca mərhələ kimi səciyyələndirilib. “Köç” romanında xalqımızın tarixi keçmişindən söhbət açılır. “Ceviz qurdu” romanı 1930-cu illərin repressiyalarından 80-ci illərə qədərki dövrün xalqımızın həyatında buraxdığı izlərdən bəhs edir. Yazıçının “Erməni adındakı hərflər” romanında son əsrlərdə erməni məkrinə ürcah olan xalqımızın başına gətirilən faciələrin başlanğıc düyünləri məharətlə açılır.

M.Süleymanlının bir sıra əsərləri (“Kökdən düşmüş piano”, “Dəyirman” və s.) tamaşaya qoyulub, ssenariləri əsasında filmlər (“Çətirimiz buludlardır”, “Bəyin oğurlanması” və s.) çəkilib.

Azərbaycan ədəbiyyatı və mədəniyyətinin inkişafında xidmətləri yüksək qiymətləndirilən yazıçı “Əməkdar incəsənət xadimi” və “Xalq yazıçısı” fəxri adlarına, “Şöhrət” və “Şərəf” ordenlərinə layiq görülüb. 2008-ci ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü idi.

Mədəniyyət Nazirliyinin kollektivi Xalq yazıçısı Mövlud Süleymanlının vəfatından kədərləndiyini bildirir, mərhumun ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir.

Allah rəhmət eləsin.

***

Fevralın 22-də Xalq yazıçısı Mövlud Süleymanlının Bakıda yaşadığı evində vida mərasimi keçirilib.

Mərasimdə Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar, mədəniyyət nazirinin müavini Səadət Yusifova, mədəniyyət, ədəbiyyat xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mövlud Süleymanlı öz vəsiyyətinə uyğun olaraq, Şamaxıda anasının məzarı yanında dəfn edilib.