Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin Mərkəzi Kitabxanasında “Yubileylər silsiləsi” layihəsi çərçivəsində romantik şair, publisist, tərcüməçi, həkim, rəssam, Azərbaycan-türk ictimai fikrinin görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadənin (1864–1940) 160 illiyi ilə əlaqədar videoçarx hazırlanıb.
Videoçarxda Əli bəy Hüseynzadənin həyatı və ictimai-siyasi fəaliyyəti haqqında məlumat verilir. Qeyd olunur ki, Ə.Hüseynzadə Azərbaycan dramaturgiyasının banisi, ictimai xadim Mirzə Fətəli Axundzadənin söhbətlərindən faydalanmış və zamanının ədəbi çevrəsini tanımışdı. O, dövrün mətbuat orqanları ilə əməkdaşlıq yaxında əməkdaşlıq edirdi. Əli bəy 1905–1906-cı illərdə “Həyat” qəzetini, 1906–1907-ci illərdə “Füzuyat” jurnalını nəşr etdirmişdi.
Bütün şüurlu ömrünü ümumtürk mənəvi dəyərlərinin təbliğinə həsr edən Ə.Hüseynzadə 1910-cu ildən Türkiyədə yaşayıb fəaliyyət göstərib.
Videoçarxda o da diqqətə çatdırılır ki, 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncam imzalayıb. Nazirlər Kabineti tərəfindən Ə.Hüseynzadə Azərbaycan Respublikasında əsərləri dövlət varidatı elan edilən müəlliflərin siyahısına salınıb.
Videoçarxın sonunda mütəfəkkir ədibin bir sıra fəlsəfi fikirləri və əsərlərinin siyahısı verilir.
Videoçarxla Yasamal rayon MKS-nin yutub kanalında tanış ola bilərsiniz: https://www.youtube.com/watch?v=ZWwIsxhgrKk