Dövlət Tərcümə Mərkəzində Venesuela Bolivar Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Kristofer Alberto Martinez Berroteran ilə görüş keçirilib.
Tərcümə Mərkəzindən bildirilib ki, tədbirdə Venesuela ədəbiyyatının Azərbaycanda tanıdılması istiqamətində nəzərdə tutulan tərcümə və nəşr layihələri, ölkələrarası ədəbi əlaqələrin genişləndirilməsi, görüləcək işlər barədə fikir mübadiləsi aparılıb.
Görüşdə, həmçinin Venesuelanın klassik və müasir ədəbiyyatının Azərbaycan ədəbi ictimaiyyətinə çatdırılmasının əhəmiyyətini vurğulayan səfir deyib: “Nəzərdə tutulan tərcümə layihələrinə ilkin olaraq tanınmış Venesuela şairi Ana Maria Oviedo Palomaresin şeirlər toplusunun Azərbaycan dilinə tərcüməsi və nəşri ilə başlanılmasına dair istək və arzularımız var. Çox istərdik ki, zəngin Venesuela ədəbiyyatı Azərbaycan ədəbiyyatı ərazisinə daxil olsun. Kitab yaxın müddətdə Azərbaycanda keçiriləcək Venesuela Respublika Gününə əlamətdar töhfə olacaq. Azərbaycan-Venesuela ədəbi əlaqə və mübadilələrinin təşkili və inkişafı istiqamətində perspektiv layihələrin Venesuela Mədəniyyət Nazirliyi və Venesuela Tərcümə Mərkəzi ilə sıx əməkdaşlıq çərçivəsində həyata keçirilməsi vacib hadisədir”.
Tədbirin sonunda səfir Dövlət Tərcümə Mərkəzinə Venesuelanın görkəmli siyasi xadimi Uqo Caves Friasın “Göy kitab” adlı kitabını hədiyyə edib.