Böyük mütəfəkkirin 160 illiyi münasibətilə kitab sərgisi açılıb
Fevralın 24-də görkəmli şair, mütəfəkkir, naşir, həkim, rəssam, pedaqoq, ictimai xadim Əli bəy Hüseynzadənin (1864–1940) anadan olmasının 160 illiyi tamam oldu. Bu münasibətlə fevralın 23-də Milli Kitabxanada kitab sərgisi açıldı.
Kitabxananın direktor müavini Ədibə İsmayılova bildirdi ki, sərgidə ədibin Azərbaycan və xarici dillərdə nəşr olunmuş əsərləri, ictimai-siyasi məzmunlu məqalələri, haqqında kitablar və dövri mətbuat materialları yer alıb.
Tədbirdə çıxış edən mədəniyyət nazirinin müavini Səadət Yusifova görkəmli mütəfəkkirin türkçülük ideologiyası və ədəbiyyat tariximizdə yerindən söz açdı. Bildirdi ki, Əli bəy Hüseynzadə Azərbaycan və bütövlükdə Türk dünyasının milli özünüdərkində, istiqlal düşüncəsinin formalaşmasında müstəsna xidməti olan şəxsiyyətdir. Böyük düşüncə adamının əsaslandırdığı triada – türkçülük, islamçılıq və müasirlik ideologiyası bu gün Azərbaycan bayrağının rənglərində ehtiva olunur. Əli bəyin rəhbərliyi ilə nəşr olunan “Füyuzat” jurnalı və onun ətrafında formalaşan yeni estetik dalğa ədəbiyyat tariximizdə həm də yeni bir ədəbi-mədəni mərhələnin başlanğıcıdır.
“Əli bəy Hüseynzadə poetik siqlət, düşüncə hüdudsuzluğu və milli məfkurə aydınlığı baxımından fərqli hadisədir, XX əsrin ədəbi-tarixi gedişatının öz inkişaf məntiqindən doğan gerçəklikdir. O, 1904-cü ildə Misirdə çıxan “Türk” qəzetində çap olunan “Hali-vətən” şeiri ilə poeziyamızda ilk vətən şeirinin yaradıcısıdır. “Ucundadır dilimin həqiqətin böyüyü, nə qoydular deyəyim, nə kəsdilər dilimi!” – misraları ilə XX yüzilin ilk illərinin siyasi-ideoloji ovqatını ifadə edən bu şeir istər estetik, istər fəlsəfi, istər siyasi mahiyyəti etibarilə yeni dövr poeziyamızın, eləcə də Azərbaycan romantizminin manifestidir. Əli bəy Hüseynzadə “Türklər kimdir və kimlərdən ibarətdir?” məqaləsi ilə Azərbaycanda türkologiya elminin əsasını qoyub, milli şüur və yaddaş oyanışının təməl istiqamətlərini müəyyən edib”.
Qeyd olundu ki, Ə.Hüseynzadə hələ XX əsrin əvvəlində siyasi burulğanlardan xilas yolunu ancaq türk birliyində görürdü. Bu ideya isə yalnız XX əsrin sonlarında türk respublikaları dövlət müstəqilliklərini bərpa etdikdən sonra mümkün oldu. Əli bəy türk xalqlarının mədəni inteqrasiyasının məfkurə kimi təşəkkül tapmasında mühüm rol oynayıb. Bu gün onun mədəni əsaslarını işləyib hazırladığı Turan ideyası romantik ideallardan siyasi həqiqətə çevrilməkdə, tarixi gerçəkliyini yaşamaqdadır. Ona görə də Əli bəyin bir əsr əvvəl irəli sürdüyü ideyalar bu gün də müasirdir və zamanını xeyli qabaqlayıb.
“Prezident İlham Əliyev bu ilin 14 fevralında inauqurasiya mərasimində çıxışında xüsusi vurğuladı ki, bizim ailəmiz Türk dünyasıdır. Bizim siyasətimiz Türk Dövlətləri Təşkilatını gücləndirməkdir. Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində əldə olunan böyük Zəfər, ərazi bütövlüyü və suverenliyimizin tam bərpası Türk dünyasının oyanışına, bir daha özünüdərkinə və özgüvəninə təkan verməklə həm də Əli bəy Hüseynzadənin Turan ideallarını aktuallaşdırır”, – deyə nazir müavini bildirdi.
“Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turan Ə.Hüseynzadənin Azərbaycan tarixində yerindən söz açdı. Bildirdi ki, böyük mütəfəkkir Azərbaycan milli ictimai fikrinin formalaşmasında, inkişafında misilsiz xidmətlər göstərib. O nəinki Azərbaycanın, eyni zamanda bütün Türk dünyasının dahi şəxsiyyətidir. Əli bəyin zəngin irsi daim xalqımızın qürur mənbəyi olaraq qalacaq.
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutu Erkən realizm və yeni dövr Azərbaycan ədəbiyyatı şöbəsinin müdiri İslam Qəribli Ə.Hüseynzadənin dilçilik görüşlərindən və poetik dünyasından danışdı. Qeyd etdi ki, bir neçə dil bilən ədib Homer, Esxil, Vergili, Dante, Höte kimi dünya klassiklərinin əsərlərini dilimizə tərcümə edib, Avropa mədəniyyətinin, təhsilinin, təfəkkür tərzinin üstün cəhətlərini milli ideologiyaya gətirib.
Nizami adına Ədəbiyyat İnstitutu Uşaq ədəbiyyatı şöbəsinin müdiri Elnarə Akimova, Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi Aytən İmanova çıxışlarında bildirdilər ki, ümumtürk mənəvi dəyərlərini tədqiq və təbliğ edən Ə.Hüseynzadə Türk dünyasının tərəqqisi naminə öz parlaq istedadını ortaya qoyub, milli mətbuatın inkişafına töhfələr verib.
Çıxışlardan sonra Milli Kitabxananın hazırladığı “Əli bəy Hüseynzadə – 160” virtual sərgisi təqdim edildi. Daha sonra qonaqlar geniş kitab sərgisi ilə də tanış oldular.
Lalə Azəri