Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) nəzdində yaradılan Qərbi Azərbaycan Memarlıq İrsinin Araşdırılması Mərkəzi tələbələrlə növbəti görüş keçirib.
AzMİU-dan bildirilib ki, görüşdə THİK sədri Şahmar Rəfili mərkəzin fəaliyyəti haqqında məlumat verib. Qeyd olunub ki, tələbələr müəllimlərlə birgə indiyədək Qərbi Azərbaycan ərazisində yerləşən 142 abidə ilə bağlı araşdırma aparıblar. Bu araşdırmalar nəticəsində azərbaycanlılara məxsus tikililərin, habelə İrəvan şəhərindəki müsəlman abidələrinin erməni vandalizminin qurbanına çevrildiyi bir daha öz təsdiqini tapıb.
Tarixçi Rasim Rzaxanov əzəli ata-baba yurdumuz olan Qərbi Azərbaycan həqiqətləri, siyasi tarixi, etnoqrafiyası haqqında geniş məlumat verib.
Gənclər Fondunun nümayəndəsi Vüsal Əhmədov AzMİU-da belə bir mərkəzin yaradılması təşəbbüsünü dəstəklədiyini bildirib, xüsusilə aparılan araşdırmanın arxeoloji irsimizin gənc nəslə çatdırılması baxımından əhəmiyyətini vurğulayıb.
Sonda İrəvanın mədəniyyət abidələrinin, real tarixi faktlarının öyrənilməsi baxımından müstəsna əhəmiyyət kəsb edən “İrəvan” filmi nümayiş olunub.