“Muzeydə musiqi gecələri” layihəsinin üçüncü konsert-portreti fevralın 28-də Muzey Mərkəzinin Akt zalında keçiriləcək və bəstəkar Xəyyam Mirzəzadənin yaradıcılığına həsr olunacaq. Tədbirin moderatoru musiqişünas Şəfaqət Məmmədovadır. Konsertə giriş pulsuzdur.
Konsert-portret çərçivəsində bəstəkarın simli kvartet üçün miniatürləri, həmçinin müxtəlif solo alətlər üçün yazılmış əsərləri ifa olunacaq. Tədbirdə solistlər – Fatimə Nəsirli (violonçel), Humay Hacızadə (alt), Humay Qasımzadə (fortepiano), ifaçılar – Ümid Mustafazadə (violonçel), Nihad Məmmədov (violonçel), Əli Əmişov (alt), Erol Rzayev (violonçel) iştirak edəcəklər.
Konsertin özünəməxsus vizual müşayiəti rəssam Fərhad Həmzəliyevin (1953-2008) ictimaiyyətə təqdim olunacaq əsərləri ilə ediləcək və “Muzeydə musiqi gecələri” layihəsinin formatını dəstəkləyərək tədbirə xüsusi ab-hava qatacaq.
Xəyyam Mirzəzadə görkəmli bəstəkar Qara Qarayevin tələbəsidir və ona böyük müəllimindən böyük musiqi təcrübəsi və biliyi miras qalıb. O, milli musiqi sənətinə yeni maraqlı səhifələr yazaraq, bənzərsiz iz qoymağa müvəffəq olub. “Triptix” və “Oçerklər-63”, “Pianto” və “Skripka və orkestr üçün konsert” və digər əsərlərə, həmçinin “Yeddi oğul istərəm”, “Bizim küçə”, “Yaz mövsümü” filmlərinə musiqi yazan bəstəkarın əsərləri hələ də Avstriya, İngiltərə, Macarıstan, Niderland, Almaniya, İtaliya, Fransa və digər ölkələrdə aktuallığını itirmədən ifa olunur.