Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Milli Kitabxananın nəzdində fəaliyyət göstərən Açıq kitabxana-sərbəst mütaliə bölməsində “XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı tədbir və sərgi təşkil olunub.

Kitabxanadan bildirilib ki, BDU-nun İnformasiya və sənəd menecmenti fakültəsinin IV kurs tələbələrinin iştirakı ilə keçirilən tədbirdə ermənilərin Azərbaycan xalqına qarşı əsrlərdən bəri davam edən etnik təmizləmə siyasətinin dəhşətli nümunəsi olan Xocalı soyqırımı haqqında müzakirələr aparılıb. Gənclər əsrin qətliamı haqqında tarixi faktları əks etdirən kitablar, broşürlər və fotoşəkillərlə tanış olub, soyqırımı dəhşətləri, onun başvermə səbəbləri barədə fikirlərini bölüşüblər.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “Xocalı soyqırımı” adlı virtual sərgidə kitab və dövri mətbuat materialları, fotoşəkillər, ingilis dilində təqdim edilən “Khojaly genocide” adlı virtual sərgidə kitablar və altyazılı fotoşəkillər ,“Khojaly tragedy – photo exhibition” adlı virtual sərgidə isə Xocalı ağrısını özündə əks etdirən fotolar nümayiş olunur.

“XX əsrin faciəsi – Xocalı soyqırımı” adlı Elektron məlumat bazası “Rəsmi sənədlər”, “Xocalı rayonu”, “Xocalının Milli Qəhrəmanları”, “Soyqırımı haqqında”, “Xocalı şəhidləri”, “Şahidlərin söylədikləri”, “Ermənilərdən etiraflar”, “Ermənilər tərəfindən dağıdılmış abidələr”, “Xocalıya ədalət kampaniyası”, “Xocalı soyqırımının tanınması”, “Xocalı soyqırımı mədəniyyətdə”, “Fotoqalereya” və “Videoqalereya” bölmələrindən ibarətdir.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. XX əsrin faciəsi olan Xocalı soyqırımı cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda törədilmiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir.