Gəncə Şəhər İcra Hakimiyyəti və AMEA-nın Gəncə Bölməsi tərəfindən Naxçıvan Muxtar Respublikasının 100 illiyi münasibətilə “Naxçıvan bölgəsinin qədim tarixinin araşdırılması və erməni yalanlarının ifşa edilməsi” mövzusunda dəyirmi masa təşkil olunub.
AMEA Gəncə Bölməsinin sədr müavini Sara Əzizova tədbiri açaraq NMR-in 100 illik yubileyinin keçirilməsi ilə bağlı ölkə başçısının sərəncamının müddəaları üzrə AMEA-da və onun Gəncə Bölməsində müvafiq tədbirlər planının hazırlandığını bildirib.
Sonra bölmənin Diyarşünaslıq, Humanitar Tədqiqatlar institutlarının və Nizami Gəncəvi Mərkəzi əməkdaşlarının məruzələri dinlənilib.
Diyarşünaslıq İnstitutundan Mətanət Əliyeva “Naxçıvanın real tarixi və erməni uydurmaları”, Namlet Abdullayev “Ermənilərin Naxçıvanda törətdikləri qanlı hadisələr”, Müşərrəf İbrahimova “Araz-Türk Cümhuriyyəti”, Humanitar Tədqiqatlar İnstitutundan Fatimə Qurbanova “Naxçıvanın tarixi abidələri”, Nizami Gəncəvi Mərkəzindən filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov “Nizami Gəncəvinin “Xəmsə”sində Naxçıvan toponimləri” və s. mövzularda məruzə ediblər.
Məruzələr ətrafında müzakirələr aparılıb.
Gəncə Şəhər İcra Hakimiyyətinin şöbə müdiri Yadigar Bədəlov Ulu öndər Heydər Əliyevin Naxçıvana istər sovet, istər də müstəqilliyimizə qədəm qoyduğumuz dövrlərə xüsusi diqqət göstərdiyini, onun Azərbaycanın taleyində əhəmiyyətli rolunun qüvvətləndirilməsi üçün mühüm addımlar atdığını xatırladıb.