Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondu, “Füyuzat” jurnalı və Sosial Tədqiqatlar Mərkəzinin birgə təşkilatçılığı ilə Azərbaycan ictimai fikrinin görkəmli nümayəndəsi, yazıçı-publisist Əli bəy Hüseynzadənin 160 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirilib.
Tədbirdə çıxış edən MİMTA Fondunun icraçı direktoru Pərviz Əmirov tədbirin önəm və mahiyyətindən danışıb.
“Füyuzat” jurnalının baş redaktoru Mübariz Yunus çıxış edərək Əli bəy Hüseynzadənin həyatı və ideoloji fikirləri barədə məlumat verib, onun Azərbaycan üçün gördüyü önəmli işlərdən söz açıb.
“Ədəbiyyat” qəzetinin baş redaktoru Azər Turan “Əli bəy Hüseynzadənin mühacirət dövrü yaradıcılığı” mövzusunda məruzə ilə çıxış edib.
“Qafqazda və Türkiyədə Ə.Hüseynzadənin siyasi fəaliyyəti” mövzusunda məruzə ilə çıxış edən tarix üzrə fəlsəfə doktoru Firdovsiyyə Əhmədova Ə.Hüseynzadənin aldığı mükəmməl təhsil barədə məlumat verib, onun tələbəlik illərinə toxunub: “Sankt-Peterburqda Əli bəyin aldığı təhsil, ən əsası fitri istedadı nəticəsində onun dünyagörüşü əhəmiyyətli dərəcədə inkişaf etdi. Siyasi fəaliyyəti dövründə də Əli bəyin zəngin elmi bazasının nə qədər faydalı olduğunu görürük. Onun Türkiyədəki fəaliyyəti məhz bu üstünlüklər nəticəsində daha faydalı hal aldı. “İttihad və tərəqqi” fikrinin formalaşmasında da rolu böyük idi. Əli bəy Hüseynzadə deyəndə birmənalı olaraq turançılıq, türkçülük ideyaları ağlımıza gəlir”.
Dəyirmi masada, həmçinin Məsməxanım Qubadovanın “Əli bəy Hüseynzadənin Azərbaycandakı teatr və sənət fəaliyyəti”, Qərənfil Dünyaminqızının “Əli bəy Hüseynzadə yaradıcılığında “Füyuzat” dərgisi və “Həyat” qəzetinin rolu”, İstiqlal Muzeyinin direktoru Sədi Mirseyiblinin “Əli bəy Hüseynzadənin Azərbaycanda qorunan irsi” mövzusunda məruzələri dinlənilib.
Qeyd olunub ki, “Füyuzat” jurnalı və “Həyat” qəzeti, eyni zamanda, Azərbaycan xalqının milli özünüdərkinin formalaşmasında xidmətləri olmuş digər mətbu orqanları dövrün çar rejimi tərəfindən xoş qarşılanmayıb və bu nəşrlərin çap edilməsinə qarşı əngəllər yaradılıb, nəticədə onların nəşri dayandırılıb. Lakin Əli bəy və onun kimi ziyalıların yorulmadan, qorxmadan Azərbaycan xalqının inkişafı, mədəni yüksəlişi yolunda və milli ideologiyanın formalaşmasındakı misilsiz xidmətləri öz məntiqi nəticəsini verib.
Tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Əfqan Vəliyev, Bakı Dövlət Universitetinin professoru Allahverdi Məmmədli, Beynəlxalq Münasibətlər və Diplomatiya Araşdırmaları Mərkəzinin rəhbəri Samir Hümbətov çıxış edərək Əli bəy Hüseynzadə irsi barədə dəyərli məlumatlar bölüşüblər.
Qonaqlar tədbirin rəsmi hissəsindən sonra Əli bəy Hüseynzadəyə aid fotoşəkillər ilə tanış olublar.