Azərbaycanın Polşadakı səfirliyinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Varşavada Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunan anım mərasimi keçirilib.
Anım mərasimində Polşa Senatının, Prezident Administrasiyanın yüksək səviyyəli nümayəndələri, Polşanın dövlət qurumları və ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbər və nümayəndələri, Polşa müftisi, ölkənin akademik, ictimai, dini, mədəni xadimləri, biznes nümayəndələri, o cümlədən Azərbaycan diasporunun təmsilçiləri, həmvətənlərimiz və tələbələr iştirak ediblər.
Mərasimdə Azərbaycanın Polşadakı səfiri Nərgiz Qurbanova və Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxış ediblər.
Səfir N.Qurbanova bir neçə gündən sonra 32-ci ildönümü qeyd ediləcək Xocalı soyqırımının Ermənistan-Azərbaycan münaqişəsində ən böyük qətliam olduğunu diqqətə çatdırıb. Səfir 1992-ci ilin fevralın 25-dən 26-na keçən gecə şəhərin müxtəlif istiqamətlərdən hücuma məruz qaldığını, yüzlərlə azərbaycanlının, o cümlədən qadın, qoca və uşaqların vəhşicəsinə qətlə yetirildiyini, minlərlə insanın yaralandığını və əsir götürüldüyünü, şəhərin yerlə-yeksan edildiyini bildirib. Əlavə edib ki, şəhərin 150 sakininin taleyi bu günədək məlum deyil.
Xocalıda törədilmiş cinayətin Ermənistanın sistemli siyasətinin tərkib hissəsi olduğunu qeyd edən diplomat Ermənistan silahlı qüvvələri tərəfindən ölkəmizin bir çox başqa kənd və şəhərlərində də dinc sakinlərin analoji qırğınlara məruz qaldığını söyləyib. Deyib ki, 2020-ci ildə Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Ermənistanın beynəlxalq hüquq normalarını pozmasının miqyası, müxtəlifliyi və ardıcıllığına dair tutarlı sübutlar üzə çıxıb.
Sonra çıxış edən Fuad Muradov Azərbaycan ilə Polşa arasında münasibətlərə toxunaraq ölkələrimiz arasında münasibətlərin tarixinin XV əsrə gedib çıxdığını qeyd edib. O, Ağqoyunlu dövləti ilə o vaxt Polşanı idarə edən Yagellon sülaləsi arasında əlaqələrin 1472-ci ildə qurulduğuna diqqət çəkib. Sonrakı dövrlərdə də polyakların Azərbaycan mədəniyyətinə və memarlığına verdiyi töhfələrdən və öz növbəsində, azərbaycanlıların da Polşa mədəniyyəti və ədəbiyyatında rolundan bəhs edib.
Xalqlarımız arasında güclü tarixi əlaqələrə istinad edən F.Muradov çoxlu sayda soydaşlarımızın Polşada yaşadığını bildirib.
Xocalı faciəsindən danışan komitə sədri Ermənistanın azərbaycanlılara qarşı törətdiyi cinayətin soyqırımı aktı olduğu, bu soyqırımı nəticəsində 613 dinc sakinin vəhşiliklə qətlə yetirildiyini diqqətə çatdırıb. O, qırğını Xatın, Holokost, Srebrenitsa və Ruandadakı soyqırımlarla müqayisə edib.
F.Muradov 2023-cü ilin oktyabrın 15-də Prezident İlham Əliyevin Azərbaycanın Dövlət Bayrağını Xocalı şəhərində qaldırdığını vurğulayaraq, ölkəmizin öz suverenliyini tam bərpa etdiyini, bundan böyük fəxr hissi keçirdiyini diqqətə çatdırıb.
O, həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasından söz açıb.
Komitə sədri bildirib ki, Polşada ilk Azərbaycan Evi 2019-cu ildə Varşavada açılıb və bu ölkədə növbəti Azərbaycan Evi Krakov şəhərində fəaliyyətə başlayacaq.
Mərasimin bədii hissəsində Azərbaycan-Amerikan Musiqi Fondunun təsisçisi və icraçı direktoru, tanınmış azərbaycanlı orqan ifaçısı Cəmilə Cavadova-Şpitsberqin ifasında orqan musiqisi konserti baş tutub. Konsert proqramında istedadlı ifaçı tərəfindən Azərbaycan, polyak və dünya bəstəkarlarının əsərlərindən seçmələr təqdim olunub.
Sonda Xocalı soyqırımına məruz qalmış soydaşlarımızın xatirəsinə ehsan süfrəsi açılıb, qonaqlara halva təqdim olunub.