Berlində yerləşən Azərbaycan Mədəniyyət Mərkəzində Azərbaycanın Almaniyadakı Səfirliyi Xocalı soyqırımına həsr olunmuş anım tədbiri keçirib. Tədbirdə faciəni əks etdirən foto-sərgi nümayiş olunub.
Əvvəlcə səfirliyin Xocalı soyqırımına dair alman dilində hazırladığı qısa film nümayiş etdirilib. Sonra Xocalı soyqırımı qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla anılıb.
Azərbaycanın Almaniyadakı səfiri Nəsimi Ağayev çıxışında Xocalı soyqırımının soyuq müharibənin bitməsindən sonra Avropada baş vermiş ilk soyqırımı olduğunu bildirib. O, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın rəhbərlik etdiyi “Xocalıya ədalət” kampaniyasının Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük rol oynadığını qeyd edib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın əzəli torpaqlarının işğaldan azad edilməsi, ölkəmizin ərazi bütövlüyü və suverenliyinin bərpası sayəsində tarixi ədalətin bərqərar olduğunu qeyd edən səfir, Xocalının da işğalına son qoyulduğunu, tezliklə Xocalı sakinlərinin öz ana yurdlarına dönməyə başlayacaqlarını bildirib.
Sonra Xocalı soyqırımının şahidi, yazıçı-publisist Səriyyə Müslümqızına söz verilib. O, çıxışında 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda baş vermiş hadisələrin 20-ci əsrin ən dəhşətli faciələrindən biri olduğunu qeyd edib, onun haqlı olaraq soyqırımı adlandırıldığını vurğulayıb. Soyqırımı nəticəsində 600-dən çox Xocalı sakininin qəddarcasına qətlə yetirildiyi, 150 nəfərdən çox şəxsin itkin düşdüyü və onların taleyinin bu günədək məlum olmadığı diqqətə çatdırılıb. S.Müslümqızı bildirib ki, torpaqlarımız işğaldan azad edildikdən sonra Qarabağın digər bölgələrində olduğu kimi, Xocalı şəhərində də bərpa-quruculuq işləri sürətlə aparılır və ən yaxın zamanda ilk Xocalı ailələri öz şəhərlərinə geri dönəcəklər.
Daha sonra Xocalı soyqırımına həsr edilmiş “Geriyə baxma” sənədli filminin və S.Müslümqızının müəllifi olduğu “Onlar heç vaxt böyüməyəcəklər” kitabının təqdimatı keçirilib.
Sonda Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehsan verilib.