Azərbaycan dünyadan gözlədiyi Xocalıya ədaləti özü bərqərar etdi

 

Tariximizin ən faciəli səhifəsi – Xocalı soyqırımı 32 yaşına qədəm qoydu. Erməni silahlı dəstələrinin 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərində törətdiyi soyqırımı bizim acımız olmaqla yanaşı, eyni zamanda dünya tarixində insanlıq əleyhinə ən amansız cinayətlərdən biri, bəşəriyyətin ləyaqət lövhəsinə həkk olunan qara ləkədir.

Xocalıda bir gecənin içində 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıqla qətlə yetirilib. Azərbaycanlı olduqları, doğma yurdda yaşamaq istədikləri üçün.

8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynindən, 130 uşaq valideynlərinin birindən məhrum olub, 487 nəfər ağır yaralanıb. 1000-dən çox Xocalı sakini erməni əsirliyinin dəhşətini yaşayıb. Onlardan 200-nün taleyi qeyri-müəyyən olaraq qalıb.

Bu müsibətin milli dərd kimi acısı böyükdür. Amma qisas qiyamətə qalmadı. Xocalıda qurban gedənləri geri qaytara bilməsək də, 2020-ci ilin Vətən müharibəsindəki tarixi Zəfər və 2023-cü ilin 19-20 sentyabrında Qarabağ məsələsinə qoyulan son nöqtə bizim üçün Xocalının da qisası oldu.

2023-cü ilin 15 oktyabrında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Xocalıda ucaltdığı bayrağımız bunu bütün dünyaya bəyan etdi. Azərbaycan illərdir dünyadan gözlədiyi Xocalıya ədaləti özü bərqərar etdi.

Xocalı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı”nda indi yağıdan alınan qisasın da səsi var. Artıq dördüncü ildir bəşəri kədərin abidəsi önünə milli ruhumuzu dirçəldən Zəfərin təsəllisi ilə gedirik...

Xocalının kədər izi isə qan yaddaşımızdan heç vaxt silinməyəcək...

Vüqar Orxan