Azərbaycan Universitetində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbirdə faciənin canlı şahidi, Xocalı sakini Səlim 1992-ci il fevralın 26-na keçən gecə Xocalıda dinc əhaliyə qarşı törədilən erməni vəhşiliyi haqqında faktlarla məlumat verib.
Azərbaycan Universiteti Tələbə Gənclər Təşkilatının təşəbbüsü ilə keçirilən tədbirdə təşkilatın sədri Rəsul Dadaşov, Siyasi və ictimai elmlər kafedrasının müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Elvin Talışinski, tədbirin qonağı Əmək və Sosial Münasibətlər Akademiyası Tələbə Gənclər Təşkilatının sədri Ömər Sərxanlı da çıxış edərək 32 il öncə baş verən soyqırımının dəhşətləri ilə bağlı faktları diqqətə çatdırıb, “Xocalıya ədalət!” beynəlxalq maarifləndirmə kampaniyasının nəticələri haqqında söz açıblar.
Qeyd olunub ki, tariximizə qanla yazılmış bu faciə xalqımızın qəlbində əbədi yaşayacaq. Xocalı şəhəri 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində separatçılardan təmizlənib. Prezident İlham Əliyev oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Bayrağını ucaldıb. Bayrağımızın Xocalıda dalğalanması soyqırımı qurbanlarının qanının yerdə qalmadığını bir daha nümayiş etdirir.
Qeyd edək ki, Xocalı soyqırımı zamanı bir gecədə 613 nəfər öldürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, düşmən tərəfindən ağlasığmaz işgəncələrə məruz qalıb. Onlardan 150 nəfərin taleyi hələ də məlum deyil.