Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası və Azərbaycan Ədəbiyyat Fondunun birgə təşkilatçılığı, “Ədəbiyyat və incəsənət” portalının informasiya dəstəyi ilə “Xocalı mövzusu bədii ədəbiyyatda” mövzusunda dinləmə keçirilib.

Tədbiri giriş sözü ilə açan kitabxananın direktoru Aslan Cəfərov təkcə Azərbaycan tarixinin deyil, bəşər tarixinin ən dəhşətli faciələrindən olan Xocalı soyqırımı haqqında məlumat verib. Deyib ki, son 200 il ərzində Azərbaycan xalqı erməni qəsbkarlarının davamlı olaraq etnik təmizləmə, soyqırımına məruz qalıb.

Azərbaycan Ədəbiyyat Fondunun baş direktoru yazıçı Varis Yolçuyev Azərbaycan Ordusunun Zəfər qazandığı 44 günlük Vətən müharibəsindən bəhs edən ədəbiyyat nümunələrinin yaradılmasının əhəmiyyətindən danışıb. O, bu ağlasığmaz faciənin dünyaya tanıdılmasında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən layihələrin, xüsusilə də "Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasının mühüm rol oynadığını diqqətə çatdırıb, bu kampaniya çərçivəsində işıq üzü görən və Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin həyatı və qəhrəmanlığından bəhs edən “Qırmızı ləçəklər” romanının yazılma tarixindən söz açıb.

AMEA-nın A.Bakıxanov adına Tarix və Etnologiya İnstitutunun şöbə müdiri professor Cəbi Bəhramov xalqımıza qarşı Xocalı və digər soyqırımı cinayəti faktlarının orta və ali məktəb dərsliklərində olduğu kimi verilməsinin vacibliyini qeyd edib.

Milli Məclisin deputatı üzvü Məlahət İbrahimqızı Xocalı həqiqətlərini, mənfur düşmənin torpağımızda törətdikləri qanun pozuntularını, terror siyasətini dünyaya tanıdılması istiqamətində ədəbiyyatın, mədəniyyətin müstəsna əhəmiyyətindən danışıb.

Millət vəkili Jalə Əliyeva ikiəsrlik tarixə malik olan bu savaşda erməni vandallarının dövlətimizin ərazi bütövlüyünə, tarixinə, mədəniyyətinə, ədəbiyyatına qarşı təcavüzkar siyasət yürütdüklərini söyləyib. O, anası, şairə Nurəngiz Günün müəllifi olduğu “Xocalı simfoniyası” poemasından parçalar səsləndirib.

Sonra yazıçı Yunus Oğuz, AMEA-nın rəyasət heyəti aparatı katibliyinin rəisi dosent Tubuxanım Qasımzadə və başqalarının çıxışları dilənilib.

Bakı Dövlət Universitetinin İnformasiya və sənəd menecmenti fakültəsindən bir qrup tələbənin də qatıldığı tədbirdə kitabxana əməkdaşlarının Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar hazırladıqları elektron məlumat bazası və videomaterial nümayiş etdirilib.