Fevralın 26-da Hüseyn Cavidin Ev-Muzeyində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Xalqımızın qan yaddaşı” mövzusunda anım tədbiri keçirilib.
Əvvəlcə tədbir iştirakçıları soyqırımı qurbanlarının, ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Muzeyin direktoru filologiya elmləri doktoru, Əməkdar mədəniyyət işçisi Gülbəniz Babaxanlı 1992-ci il fevralın 26-na keçən gecə erməni faşistlərinin öz cinayətkar havadarlarının yardımı ilə Xocalı şəhərində törətdikləri soyqırımı haqqında məlumat verib. Bildirib ki, Xocalı soyqırımı xalqımızın tarixindəki ən dəhşətli faciələrdən biridir. Erməni vandalları 1905–1907, 1918–1920-ci illərdə xalqımıza qarşı soyqırımı və talançılıq siyasəti həyata keçiriblər.
G.Babaxanlı Prezident Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan Respublikası Milli Məclisi tərəfindən 1994-cü ildə “26 fevral – Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edildiyinə, həmin tarixi sənəddə hadisənin başvermə səbəbləri və günahkarlarının açıqlandığına diqqəti çəkib.
Sonda “Xocalı soyqırımını unutma!” mövzusunda kitab sərgisinə baxış keçirilib.