Fevralın 26-da Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi (MİM) və Kövkəb Səfərəliyeva adına 16 nömrəli Uşaq musiqi məktəbinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunmuş “Kədər küləkləri” adlı tədbir keçirilib.
MİM-in müəllimi, musiqişünas Pərvin Səfərlinin aparıcılığı ilə keçən anım tədbirində Xocalı soyqırımına həsr olunmuş fotoxronika, Azərbaycanın Milli Qəhrəmanı, telejurnalist Çingiz Mustafayevin hadisə yerində lentə aldığı dəhşətli kadrlar nümayiş olunub.
Hər iki təhsil ocağının şagird və müəllimlərinin ifasında “Vətənimdir”, “Ay Laçın”, “Bayatı-Şiraz”, “Ana”, “Ariya”, “Ave Maria”, “Gecə keçdi”, “Bayatılar”, “Şindlerin siyahısı” filmindən musiqi və s. əsərlər Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiramın ifadəsi kimi səslənib.
Sonda 2020-ci ilin 44 günlük Vətən müharibəsi, 2023-cü ilin 19-20 sentyabr tarixlərində müzəffər Ordumuz tərəfindən Qarabağda həyata keçirilən lokal antiterror əməliyyatı barədə videomaterial təqdim edilib.