Beynəlxalq Muğam Mərkəzində “Cadenza” orkestrinin növbəti konserti keçirilib. Fevralın 20-də gerçəkləşən "Kəsişən xətlər" adlı konsertdə Beat Furrerin solo piano üçün "Qarın səssizliyi" (1986) əsəri solist Humay Qasımzadənin ifasında səslənib.

Daha sonra Əməkdar incəsənət xadimi Cəlal Abbasovun 2 nömrəli “Simli kvartet” əsəri ifa olunub. Dahi bəstəkar Qara Qarayevin sinfində təhsil alan C.Abbasov bu əsəri 1986-cı ildə yazıb.

Konsert proqramında həmçinin impressionizmin böyük imzalarından olan C.Debüssinin solo fleyta üçün "Syrinx" əsəri solist Rəhilə Nəzərova tərəfindən  səsləndirilib. Mifoloji qəhrəmanın hekayəsini özündə əks etdirən əsər 1913-cü ildə yazılıb və fleyta ifaçılarının repertuarında xüsusi yer tutur.

Musiqi axşamının final əsəri isə Artur Honeggerin 2 nömrəli simfoniyası olub. Bakıda ilk dəfə ifa olunan əsərdə truba alətinin səhnə arxasından ifası, orkestrin bir xətt üzrə inkişaf edən səslənməsi dinləyiciləri öz sehrinə salıb. Bütün musiqi nömrələri alqışlarla qarşılanıb.

Lalə