Tariximizin ən faciəli səhifəsi – Xocalı soyqırımının 32-ci ildönümü tamam oldu. Erməni silahlı dəstələrinin sovet ordusunun Xankəndidə yerləşən 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 26-na keçən gecə Xocalı şəhərini yerlə yeksan edib, dinc, əliyalın insanlara qarşı müharibə cinayəti – soyqırımı törədib.
Xocalıda bir gecədə 613 nəfər, o cümlədən 106 qadın, 63 uşaq, 70 qoca xüsusi qəddarlıqla öldürülüb. Azərbaycanlı olduqları, doğma yurdda yaşamaq istədikləri üçün xüsusi amansızlıqla qətlə yetirilib. 8 ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynindən, 130 uşaq valideynlərinin birindən məhrum olub, 487 nəfər ağır yaralanıb. 1000-dən çox Xocalı sakini erməni əsirliyinin dəhşətlərini yaşayıb. Onlardan 200-nün taleyi qeyri-müəyyən olaraq qalıb.
Azərbaycan xalqı hər il bu faciənin ildönümündə paytaxtın Xətai rayonu ərazisindəki Xocalı soyqırımı abidəsini ziyarət edir. Fevralın 26-da dövlət və hökumət rəsmiləri, ictimaiyyət nümayəndələri, paytaxt sakinləri Xocalı soyqırımı abidəsini ziyarət edərək o məşum gecənin qurbanlarının xatirəsini ehtiramla anıblar.
Həmin gün Mədəniyyət Nazirliyinin kollektivi də Xocalı şəhidlərinin xatirəsini yad edib. Nazirliyin rəhbərliyi abidənin önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsinə ehtiramını nümayiş etdirib.
Allah rəhmət eləsin.