Ulularımız Yeni günün – Novruzun gəlişini səbirsizliklə gözləyər, bayramqabağı dörd ilaxır çərşənbəni bacardıqca sevinclə qeyd edər, ocaq çatar, süfrə açardılar.
Novruz öncəsi çərşənbələr özlüyündə dünyanın yaranmasını ehtiva edir. Su, Od, Yel və Torpaq təbiətin oyanması, yenidən dirilməsi anlamını verir. Bu çərşənbələr həm də insanın dörd ünsürdən yaradılması haqqında dini-mistik görüşləri də simvollaşdırır.
Bu gün ilaxır çərşənbələrdən birincisi, Su çərşənbəsidir. Mifik təfəkkürdə su dünyanın özülü, həyatın başlanğıcı, dirilik, sağlamlıq və xoşbəxtlik mənbəyi sayılır. Su çərşənbəsi xalq arasında həm də “Əzəl çərşənbə”, “Gözəl çərşənbə”, “Gül çərşənbə”, “Sular Novruzu” adlandırılır. Azərbaycan folklorunda suyun rəmzləşməsi onun əcdad sayılması, and yeri olması ilə də sıx bağlıdır.
Əski zamanlarda Su çərşənbəsində insanlar günəş doğmadan bulaq başına gedər, təzə suda əl-üzünü yuyar, “azarım-bezarım suya” deyib onun üzərindən atlanar, bulaq başında niyyət edərdi. Eyni zamanda suyun ətrafında bir sıra mərasimlər keçirər, yeni günün gəlişini bayram edərdilər. Bəzi bölgələrimizdə hətta susəpən ayini də keçirilərdi. Təəssüf ki, bu gün yurdumuzda çərşənbələr, yüzillər öncə olduğu kimi, bütün ənənələri ilə qeyd edilmir. Bunun başlıca səbəbi çağdaşlaşma və şəhərləşmə ilə bağlıdır...
Xalq arasında su ilə bağlı xeyli məsəllər var. İnanclara görə, süfrəyə su dağılması aydınlıqdır, lal axan sudan keçməzlər, su olan yerdə dirilik olar, su ehsandır və s. Bütün bunlar suyun müqəddəsliyini ifadə edir. Bir maraqlı inanc da var: Novruzda süzülən plovun suyunu ağacların dibinə tökərlər, neçə il bar verməyən ağac bar verər...
Artıq dördüncü ildir düşmən tapdağından qurtulmuş yurd yerlərimizdə – Qarabağ və Şərqi Zəngəzurda doğma sakinlər və düşmənin viran qoyduğu yaşayış məntəqələrini qurub-yaradan insanlar ilaxır çərşənbələri və Novruzu o torpaqlarda qeyd edirlər. Yaxın illərdə, hətta qarşıdakı aylarda bütün azad torpaqlarda bayram büsatı qurulacaq. Şanlı Azərbaycan əsgərinin ayağının dəydiyi, nəfəsinin toxunduğu yerlər dövlətimiz tərəfindən yenidən qurulacaq, gülüstana döndəriləcək...
Su çərşənbəniz mübarək!