Muğam sənətinin tanınmış tədqiqatçısı, şair, publisist, filologiya üzrə fəlsəfə doktoru Gülhüseyn Kazımlı fevralın 24-də, 74 yaşında vəfat edib.

Gülhüseyn Mərdan oğlu Kazımlı 4 fevral 1950-ci ildə Cəbrayıl rayonunun Kavdar kəndində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (indiki ADPU) Filologiya fakültəsində oxuyub, Moskvadakı İctimai Elmlər Akademiyasında mədəniyyət tarixi və mədəniyyət nəzəriyyəsi üzrə təhsil alıb.

1973–1981-ci illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində redaktor, daha sonra dövlət qulluğunda, o cümlədən Nazirlər Kabinetinin İşlər İdarəsində,  Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində məsul vəzifələrdə işləyib.

Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Gülhüseyn Kazımlının 20-yə yaxın kitabı işıq üzü görüb. “Vətən sevgisi” (1978), “Yollarda ömür” (1981), “Mənə inan” (1983), “İnsanın dərki” (1995), “Ümid yeri” (2003), “Heydər Əliyevin yadigarları” (2004), son illərdə Beynəlxalq Muğam Mərkəzi (BMM) tərəfindən nəşr olunan “Bülbülcan”, “Salam, Məşədi”, “Kor Əhəd” və başqa kitabların müəllifidir.

Bədii yaradıcılıqla da məşğul olan G.Kazımlının şeirlərinə görkəmli bəstəkarlar Şəfiqə Axundova, Azər Rzayev, Oqtay Rəcəbov, Əfsər Cavanşirov, Nəriman Məmmədov musiqilər yazıblar. Həmin mahnıları Baba Mirzəyev, İlhamə Quliyeva, Flora Kərimova, Oqtay Ağayev kimi sevilən sənətkarlar ifa ediblər.

O, eyni zamanda görkəmli xanəndələr, mədəniyyət xadimləri haqqında tədqiqat əsərlərinin müəllifidir. Ömrünün son illərini BMM-də muğam sənətinin təbliği ilə bağlı layihələrə həsr edən G.Kazımlı görkəmli xanəndələr Bülbülcan, Seyid Şuşinski, Hacıbaba Hüseynov, Şövkət Ələkbərova, Həqiqət Rzayeva, məşhur qarmon ifaçıları Kor Əhəd, Teyyub Dəmirov və digər sənətkarların həyat və yaradıcılığına həsr olunmuş musiqili gecələrin təşkilində xüsusi rol oynayıb. BMM-in böyük maraqla izlənilən “Unudulmayanlar” və “Dəyirmi masa” layihələrinin koordinatoru idi.

Gülhüseyn Kazımlının xatirəsi onu tanıyanların qəlbində yaşayacaq.

Allah rəhmət eləsin.