Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən mədəniyyət ocaqlarında Xocalı soyqırımının 32-ci ildönümünə həsr edilmiş tədbirlər keçirilib.
Suraxanı rayon Heydər Əliyev Mərkəzində “Xocalıya qayıdış” adlı dəyirmi masa keçirilib.
Şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra bildirilib ki, bu gün bütün Azərbaycan xalqı Xocalıda baş vermiş, tarixin ən qəddar etnik təmizləmə və soyqırımı aktının 32-ci ildönümünü qeyd edir.
Tədbirdə çıxış edən I Qarabağ müharibəsi veteranı, şəhid atası Şükür Abışov, Xocalı uğrunda döyüşlərdə iştirak etmiş I Qarabağ müharibəsi veteranı İlham Rəsulzadə keçmişə qayıdıb, Xocalıda yaşamış və soyqırımı zamanı düşmənin hücumuna məruz qalan ailələrin yaşantısından, qəhrəmanlığından bəhs ediblər.
Sonda tədbir iştirakçıları Xocalı soyqırımına həsr olunmuş filmi izləyiblər.
***
Qaradağ rayon Heydər Əliyev Mərkəzində Xocalı soyqırımı haqqında həqiqətlərin beynəlxalq təşkilatlara, dünya ölkələrinin parlamentlərinə göndərilməsi aksiyası keçirilib.
Aksiyada iştirak edən Qaradağ rayon gəncləri tərəfindən 500-dən çox email ünvanlara ingilis və rus dillərində məlumatlar göndərilib.
***
Qaradağ rayon Aşıq Rza Qobustanlı adına Mədəniyyət evində keçirilən tədbirdə əvvəlcə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Bildirilib ki, bu gün xalqımız XX əsrin ən dəhşətli qırğınlarından biri olan Xocalı soyqırımı qurbanlarının xatirəsini qalib ölkə, qalib xalq kimi yad edir. Düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb.
Bədii hissədə məktəblilər kompozisiyalar təqdim edib, şeirlər səsləndiriblər.