Cəbrayıl şəhərində ilk yaşayış kompleksinin inşası bu il yekunlaşacaq. Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) yaydığı məlumata görə, 33 yaşayış binasından ibarət kompleksin ümumi sahəsi 7,87 hektar təşkil edir. Bu binalarda ümumilikdə 712 mənzil olacaq.
Qeyd edək ki, dördmərtəbəli və beşmərtəbəli binalarda mənzillərin 8-nin birotaqlı (sahəsi 40-50 kvadratmetr), 136-sının ikiotaqlı (55-90 kvadratmetr), 8-nin ikiotaqlı studio tipli (98-100 kvadratmetr), 392-sinin üçotaqlı (90-108 kvadratmetr), 168-nin dördotaqlı (110-120 kvadratmetr) olması nəzərdə tutulur.
Altı kvartaldan ibarət kompleksdə bütün mənzillər tam təmirli olacaq, mətbəx mebeli və qaz plitəsi, su, qaz və elektrik sayğacları ilə təchiz ediləcək.
Yaşayış binaları ilə yanaşı, ərazidə park, sosial-məişət obyektləri, yeraltı və yerüstü avtodayanacaqlar, istirahət guşələri, uşaq oyun və idman meydançaları da istifadəyə veriləcək.