Baş nazir Əli Əsədov fevralın 26-da Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 2 avqust tarixli 132 nömrəli Qərarı ilə təsdiq edilmiş “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında qərar imzalayıb.
Qərarla “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin Siyahısı”nın “Memarlıq abidələri” bölməsinə “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu” (4025-ci bənd) və qoruğun ərazisindəki Əli daşı türbəsi (XVII-XVIII əsrlər) əlavə (4025-1-ci bənd) edilib.
Abşeron rayonunun Məmmədli kəndi ərazisində (Bakının mərkəzindən 27 km məsafədə) yerləşən “Yanardağ” təbiət abidəsi Azərbaycan Respublikası Prezidentinin 2 may 2007-ci il tarixli sərəncamı ilə dövlət tarix-mədəniyyət və təbiət qoruğu elan edilib. Qoruq Dövlət Turizm Agentliyinin tabeliyindədir.