Prezident İlham Əliyev fevralın 27-də Fərid Turab oğlu Əhmədovun Azərbaycan Respublikasının ədliyyə naziri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Xatırladaq ki, Prezident İlham Əliyev fevralın 16-da imzaladığı Nazirlər Kabinetinin yeni tərkibi haqqında sərəncamda ədliyyə naziri vəzifəsinə təyinat olmamışdı.

Fərid Əhmədov 1979-cu ildə anadan olub. Bakı Dövlət Universitetindən hüquqşünaslıq ixtisası üzrə (bakalavr və magistr) məzun olub. Britaniyada Esseks Universitetində beynəlxalq insan hüquqları ixtisası üzrə magistr, Oksford Universitetində isə hüquq üzrə fəlsəfə doktoru elmi dərəcələrini alıb. ADA Universitetinin professorudur. Azərbaycan Universitetinin rektoru (2015–2017) olub. Bu təyinatadək (2022-ci ildən) rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini idi.

Sabiq ədliyyə naziri Fikrət Məmmədov isə dövlət başçısının müvafiq təqdimatına əsasən, fevralın 23-də Milli Məclisin qərarı ilə Konstitusiya Məhkəməsinin hakimi təyin edilib.