Azərbaycanın qastroturizm və enoturizm imkanlarının təbliğatının bir hissəsi olaraq icma əsaslı şərabçılıq ənənələri İtaliyanın Bolonya şəhərində keçirilən “Slow Wine” yarmarkasında təmsil olunur.
Dövlət Turizm Agentliyindən bildirilib ki, “Slow Food” hərəkatının tərkib hissəsi kimi “Slow Wine” hər bir şərab bölgəsinin unikal üzüm sortlarının xüsusiyyətlərini əsas götürərək mədəni və bioloji müxtəlifliyi, ətraf mühitə təsirlərin azaldılmasına, dayanıqlı istehsala və aqroekoloji təcrübəyə əsaslanan ənənələrin qorunmasını təbliğ edir.
Mindən çox şərabçının iştirak etdiyi yarmarkada ölkəmizi “Slow Wine” tələblərinə uyğun şəkildə istehsalı həyata keçirən “F.A. Valley” və “Meyvi Spirits” şərab istehsalçıları təmsil edirlər.
Yarmarka zamanı şərabların dequstasiyası üçün milli istehsal nümunələrindən olan biomüxtəliflik məhsulları qonaqlara təqdim edilir.
Ölkəmizin İtaliyadakı səfiri Rəşad Aslanov milli stendi ziyarət edib.
Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Rəşad Əliyev “İcma üzümləri: yerli üzüm sortlarının gücləndirilməsi və şərab turizmi” mövzusunda olan panel müzakirələrdə çıxış edərək yerli üzüm sortları üzərində aparılan işlər barədə danışıb.
“Slow Wine” şəbəkəsinin rəhbəri Ludoviko Rokatello ilə işgüzar görüşdə beynəlxalq təcrübənin öyrənilməsi və ölkəmizdə bu sahədə həyata keçirilməsi planlaşdırılan işlər haqqında fikir mübadiləsi aparılıb.