Almaniyanın populyar “Enzyklopädie des Islam” ədəbiyyat portalı Dövlət Tərcümə Mərkəzinin “Məhəmməd Füzuli – 530” layihəsi çərçivəsində dahi şairin alman dilinə tərcümə edilmiş müsəddəs və qəzəlinin yayımına başlayıb.
Mərkəzdən bildirilib ki, şairin yaradıcılığı haqqında geniş məlumatla təqdim olunan əsərlərin alman dilinə tərcümə müəllifi – tanınmış filoloq, alman dili mütəxəssisi, “Enzyklopädie des Islam” portalının akademik direktoru – doktor Yavuz Özoğuzdur.
Geniş oxucu auditoriyası tərəfindən izlənilən “Enzyklopädie des Islam” portalı mütəmadi olaraq səhifələrində Xaqani Şirvani, Nizami Gəncəvi, Ömər Xəyyam, Yunus Əmrə, İmadəddin Nəsimi, Volfqanq Höte, Teodor Fönten, Fridrix Rükkert, Rayner Maria Rilke kimi dünyaşöhrətli şairlərin yaradıcılığına yer ayırır.
Dahi Azərbaycan şairi Məhəmməd Füzuli (1494-1556) Şərq və dünya ədəbiyyatının incilərindən sayılan “Leyli və Məcnun” poemasının müəllifidir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 7 may tarixli Qərarı ilə əsərləri dövlət varidatı elan edilib.