3-cü forumda 20-dən çox dövlət və hökumət başçısının iştirakı gözlənilir

 

Türkiyə Prezident Administrasiyasının himayə və Xarici İşlər Nazirliyinin (XİN) təşkilatçılığı ilə 1-3 mart tarixlərində Antalya Diplomatik Forumu (ADF) keçiriləcək.

Türkiyə XİN-dən verilən məlumata görə, “Böhran dövründə diplomatiyanın önə çıxması və rolu” mövzusuna həsr olunacaq builki forumda 20-dən çox dövlət və hökumət başçısı, 90-a yaxın nazir, o cümlədən 60-dan çox XİN rəhbəri və 80-dək beynəlxalq təşkilat nümayəndəsinin iştirakı gözlənilir.

Üçüncü dəfədir keçirilən beynəlxalq forumda ənənəvi olaraq dövlət və hökumət başçıları, nazirlər, diplomatlar, iş adamları, akademiklər və beyin mərkəzlərinin nümayəndələri hərtərəfli fikir mübadiləsi aparmaq üçün bir araya gələcəklər.

Builki ADF yaşadığımız bu təlatümlü dövrdən sülh yolu ilə çıxış axtarışında ortaq düşüncə zəminini təmin etməyi hədəfləyir.

“Davam edən müharibələr, terrorizm, qeyri-qanuni miqrasiya, ksenofobiya və islamofobiya, süni intellektin gözlənilməz riskləri, iqlim dəyişikliyi, təbii fəlakətlər və pandemiyalar, genişlənən sosial-iqtisadi uçurum və s. məsələlər forumda diqqət mərkəzində olacaq. Qaydalara əsaslanan beynəlxalq nizama inamın aşınması da dövlətlərin fəaliyyət göstərdiyi mühitin proqnozlaşdırılmasına xələl gətirən digər narahatedici tendensiyadır”, – Türkiyə XİN-in məlumatda bildirilir.

Qeyd edək ki, “Yenilikçi diplomatiya: yeni dövr, yeni yanaşmalar” mövzusunda ilk forum 18-19 iyun 2021-ci il tarixində keçirilib. 2022-ci ilin 11-13 mart tarixlərində gerçəkləşən sonuncu forum isə “Diplomatiyanın yenidən qurulması” mövzusuna həsr olunmuşdu.

Mehparə Sultanova
Ankara