Bu ildən etibarən Türkiyənin “TRT Türkü” radio kanalında yayımlanan "Azərbaycan rüzgarı" proqramının növbəti buraxılışı Xocalı soyqırımının 32-ci ildönümünə həsr olunub.
Bununla bağlı proqramın müəllifi və aparıcısı, həmyerlimiz, İstanbul Universitetinin doktorantı Səidə Ömər məlumat verib. O bildirib ki, artıq dörd ildir Türkiyənin fərqli media məkanlarında yayımlanan “Azərbaycan rüzgarı" proqramının əsas hədəflərindən biri də XX əsrin sonlarında ermənilər tərəfindən ölkəmizdə törədilən bir çox qətliamlarla yanaşı, bütün insanlıq adına qara ləkə olan Xocalı soyqırımını dünya ictimaiyyətinə çatdırmaqdır. Budəfəki proqramın yayımında dinləyicilərə fevralın 26-na keçən gecə Xocalıda yaşananlar haqqında məlumatlar verilib, şəhidlər üçün ağılar səslənib.
Proqramda eyni zamanda Zəfərlə nəticələnən 44 günlük Vətən müharibəsi, torpaqlarımızın işğaldan azad edilməsi və illər sonra Azərbaycanın Ali Baş Komandanı, Prezident İlham Əliyev tərəfindən Xocalıda ucaldılan bayrağımızla bu qanlı hadisənin qurbanlarının qisasının alınması ilə bağlı məlumat verilib.
“Bu gün bizim üçün hüznlü olmaqla yanaşı, həm də qürurludur. Çünki Xocalı şəhidlərinin xatirəsinə ucaldılan abidəni Azərbaycanda bu gün artıq qalib xalqın nümayəndələri ziyarət edirlər”, – deyə Səidə Ömər bildirib.