Fevralın 28-də AMEA-nın Rəyasət Heyətinin binasında “Azərbaycan Milli Elmlər Akademiyası və Türkiyə Elmi və Texnoloji Araşdırmalar Şurası (TÜBİTAK): əlaqələndirmə imkanları və gələcəyə baxış” mövzusunda tədbir keçirilib.
Tədbirdən öncə AMEA-nın prezidenti akademik İsa Həbibbəyli TÜBİTAK başqanı professor Hasan Mandalın rəhbərlik etdiyi nümayəndə heyəti ilə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparıb.
AMEA-nın Rəyasət Heyətinin binasında AMEA-TÜBİTAK Koordinasiya Mərkəzinin açılışı olub. Mərkəzdə Türkiyənin və TÜBİTAK-ın son illərdə əldə etdiyi texnoloji nailiyyətləri əks etdirən maketlər nümayiş olunub.
Daha sonra tədbir konfransla davam edib.
Akademik İsa Həbibbəyli Azərbaycan-Türkiyə qardaşlıq əlaqələrinin möhkəmlənməsinin elm sahəsində əməkdaşlığa da geniş meydan açdığını deyib. Qeyd edib ki, AMEA-da elektron xidmətlər şəbəkəsinin genişləndirilməsi, süni intellekt texnologiyalarının tətbiqi istiqamətində addımlar atılır. Bu sahədə TÜBİTAK-ın zəngin təcrübəsindən də istifadə olunur.
Prezident İlham Əliyevin fevralın 14-də andiçmə mərasimindəki nitqində rəqəmsallaşma, kibertəhlükəsizlik və süni intellektin ölkəmizdə geniş tətbiqini strateji hədəflər kimi müəyyənləşdirdiyini diqqətə çatdıran AMEA-nın rəhbəri bu sahədə Türkiyə ilə əməkdaşlığın əhəmiyyətini qeyd edib. Bildirib ki, AMEA-nın elmi jurnallarının TÜBİTAK-ın Milli Akademik Şəbəkə və İnformasiya Mərkəzinin (ULAKBİM) elektron baza reyestrinə daxil edilməsi, TÜBİTAK-ın süni intellekt imkanlarından ölkəmizdə humanitar və ictimai elmlərdə tətbiqi, eləcə də seysmologiya sahəsində sıx əməkdaşlıq başlıca hədəflərdəndir.
Professor Hasan Mandal son illərdə iki elmi qurum arasında əlaqələrin yüksək səviyyəyə çatdığını söyləyib. TÜBİTAK-ın ötən 60 ildə zəngin yol keçdiyini diqqətə çatdıran Hasan Mandal sosial elmlər sahəsində də önəmli addımlar atmağa başladığını, süni intellektin türkcə dil modelinin hazırlandığını söyləyib. O, TÜBİTAK-ın süni intellekt, seysmologiya, arxeologiya, dilçilik və digər sahələrdə AMEA ilə əməkdaşlıqda maraqlı olduğunu diqqətə çatdırıb.
Çıxışlardan sonra akademik İsa Həbibbəyli və professor Hasan Mandal AMEA ilə TÜBİTAK arasında əməkdaşlıq memorandumunu imzalayıblar.
TÜBİTAK başqanına “Azərbaycan Milli Elmlər Akademiyasının fəxri professoru” diplomu təqdim edilib.