Əlcəzairdə dünyanın ən hündür minarəsi olan məscid açılıb. İnşası 2010-cu ildə başlayan və Çin inşaat firması tərəfindən tikilən “Böyük məscid”in minarəsi 265 metrdir.

Məsciddə 120 min nəfər eyni zamanda ibadət edə bilər. Bu dünyanın üçüncü, İslamın müqəddəs şəhərlərindən (Məkkə və Mədinə) kənarda isə birinci böyük məscididir. Onun dizaynı Əlcəzair ənənələri və mədəniyyəti ilə yanaşı, ərəb və Şimali Afrika motivlərini birləşdirir. Məsciddə helikopter meydançası, həmçinin 1 milyona qədər kitab saxlaya bilən kitabxana var. Rəsmi rəqəmlərə görə, layihənin maliyyəti 898 milyon dollardır.

Qeyd edək ki, Afrikada ən böyük məscidin tikilməsi Əlcəzairin keçmiş prezidenti Əbdüləziz Buteflikanın layihəsi idi. 1999-cu ildən 2019-cu ilədək ölkənin rəhbəri olan, həmin ilin aprelində səhhəti ilə bağlı istefa verən Buteflika 2021-ci ildə, 84 yaşında vəfat edib.