Böyük Qayıdış proqramı üzrə Laçına növbəti köç prosesi gerçəkləşib. Fevralın 28-də Bakı şəhəri Qaradağ rayonundan yola salınan 24 ailə (89 nəfər) doğma yurda çatıb.
Ailələr Laçında qarşılandıqdan sonra onlara ANAMA əməkdaşları tərəfindən mina və partlamamış silah-sursatların təhlükəsi barədə ətraflı məlumat verilib.
Açarların təqdim edilməsi mərasimində Şərqi Zəngəzur İqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Prezidentinin Xüsusi Nümayəndəliyinin, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin, Şərqi Zəngəzur İqtisadi rayonunda 2 saylı Bərpa, Tikinti və İdarəetmə Xidmətinin, “Laçın Abadlıq Xidməti” ASC-nin əməkdaşları iştirak ediblər.
Ailələr sevinc hissi ilə açarları təhvil alıb və evlərində məskunlaşıblar.
Bu dəfə 20 ailə olmaqla 78 nəfər Laçın şəhərinə, 4 ailə olmaqla 11 nəfər Zabux kəndinə köçüb.
Bununla da Laçın şəhərində 451 ailənin (1705 nəfər), Zabux kəndində isə 211 ailənin (808 nəfər) daimi məskunlaşması təmin edilib.