ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə “Azərbaycan” yazıları” seriyasından “Məhəmməd Əmin Rəsulzadə” kitabı çap edilib.
“Azərbaycan” yazıları” seriyası ADA Universitetinin təşəbbüsü və dəstəyi ilə həyata keçirilən “Azərbaycan” qəzeti (1918-1920) külliyyatının nəşrinə (20 cildliyə) paralel olaraq, qəzetdə bəzi şəxsiyyətlərin fəaliyyətini, yaxud müəyyən vacib mövzuların işıqlandırılmasını oxucuların diqqətinə toplu halda təqdim etməyi nəzərdə tutur. Bu seriyanın ikinci kitabı Azərbaycan Respublikası Prezidentinin “Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinin qeyd edilməsi haqqında” 2023-cü il 30 dekabr tarixli Sərəncamına müvafiq olaraq ərsəyə gətirilib.
Kitabda M.Ə.Rəsulzadənin Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin orqanı olan “Azərbaycan” qəzetində dərc etdirdiyi məqalələr toplanıb. Nəşrdə toplanan bütün materiallar filologiya üzrə fəlsəfə doktoru, dosent Mehdi Gəncəli, filoloq, tərcüməçi Azad Ağaoğlu tərəfindən transliterasiya edilərək akademik Teymur Kərimlinin elmi redaktorluğu ilə nəşrə hazırlanıb. Bu məqalələr həmin dövrün ictimai-siyasi mühiti, mürəkkəbliyi, problemləri haqqında geniş təsəvvür yaradır.
Kitabın “Ön söz”ünü Xəlil İbrahimin “Rəsulzadə Məhəmməd Əmin” sərlövhəli məqaləsi əvəz edir. O yazır: “...Bundan sonra Məhəmməd Əmin öhdəsinə daha mühüm vəzifələr, İstanbul heyəti – (nümayəndə heyəti) raisi sifəti ilə aləmi-islam paytaxtına gedərək, orada Azərbaycan uğrunda çox təşəbbüslər etmiş, Azərbaycana edilən təcavüz və haqsızlıqlardan vətəni müdafiəyə çalışmışdır. Bakının Rusiyayamı, ya Azərbaycanamı məxsus olması məsələsində, Məhəmməd Əmin əfəndi, tarixi, mədəni, iqtisadi dəlillər ilə Bakının Azərbaycanın başı və gözü olduğunu isbata qalxışdı və haqqımızda bunca haqsızlıq işləmiş olan dövlətlərə protesto verdi. 20 yaşından bu günədək 13 il müddətində türklük, islamlıq, hürriyyət və istiqlaliyyət uğrunda Məhəmməd Əmin əfəndi fövqəladə fədakarlıq ibraz etmişdir (nümayiş etdirmişdir. Azərbaycanlılar Məhəmməd Əminlər yetişdirməsinə iftixarla, öylələri haqqında qədirşünaslıqlarını da ibraz edirlər”("Azərbaycan" qəzeti, N 35, 10 təşrini-sani (noyabr) 1918).
M.Ə.Rəsulzadənin kitabda yer almış “Məclisi-Məbusan və müxaliflər” adlı məqaləsi dövrün mürəkkəbliyindən xəbər verir: “Azərbaycanın siyasi vəziyyəti nə qədər ki, müəyyən deyildi, türklərdən olmayan bütün siyasi firqələr, bolşevik ruhlu menşevikindən tutub monarxist ruhlu kadetinə qədər, Azərbaycan istiqlalı ilə Azərbaycan Parlamanına qarşı barışmaz bir vəziyyət almışlardı. Onlar bu vəziyyətləri ilə Azərbaycan türklərini bir növ mühasirəyə almış, təslimə məcbur etmək istəmişlərdi.
Zənn edirlərdi ki, xaricdən gəlmə Müttəfiqlər qüvvəti də onlara kömək olacaq, ağıllarınca türklər tərəfindən qurulmuş olan Azərbaycan hökumətini bir deyǝndǝ atacaqlardır.
Azərbaycan türkü ilə bərabər, bu türkün ruhundan doğan idealları tərvic edən (ideallara rǝvac verǝn), onun yolu ilə gedən Azərbaycan xadimləri isə qəflətən üzərilərinə atılan qüvvətlərə qarşı mətanət göstərdilər, durdular. Azərbaycan fikrinin “İstanbuldan” deyil, Bakıdan doğmuş olduğunu isbat etdilər. Bu sübutla hər kəsdən əvvəl bitərəf bir qüvvət olması həsəbilə (sǝbǝbindǝn) ilk əvvəl ingilis komandanlığı qane oldu. Onun bu qənaəti Azərbaycanın daxili müxaliflərini düşündürdü”.
M.Ə.Rəzulzadə qətiyyətlə bildirirdi: “Rusiyadan ayrılmaq, Rusiyaya qoşulmaq və yaxud başqa bir şəkil ilə kəndi müqəddəratını təyin eyləmək haqqı Azərbaycan xalqının müqəddəs bir haqqıdır. Bu haqqı ona təbiət bəxş eyləmiş. Bu haqqı o nə kadetlərin ala gözlərinə, nə də sosialistlərin yağlı dillərinə fəda edəmməz! Müxaliflər bunu bilsinlər, qulaqlarına sırğa etsinlər və böyləcə Azərbaycan istiqlaliyyǝti əmri-vaqesinin qulami-halqa bǝguşu (qulağı sırğalı qulu) olaraq Parlamana buyursunlar. Başqa məsələlərdə keyifləri istədiyi müxalifəti etsin, tənqidatda bulunsun, təbliğatda olsunlar. O, onların haqqı və vəzifələridir. Biz heç bir zaman onların Parlaman firqələrinin müvafiqləri (müxalif olmayanları, hökumǝtdǝn yana olanları) cərgəsində oturacaqlarını zatən təsəvvür eyləməmişdik”.
M.Ə.Rəsulzadənin qəzetdə dərc olunmuş “Azərbaycanın paytaxtı” silsilə məqalələrində Bakının tarixi, mədəniyyəti, o dövrün ictimai-siyasi mənzərəsi dəqiqliklə təsvir edilib. 31 Mart soyqırımına həsr olunmuş “Unudulmaz faciə” adlı məqaləsi isə onun Azərbaycana sonsuz sevgisindən xəbər verir.
Bir sözlə, M.Ə.Rəsulzadənin “Azərbaycan qəzetində dərc olunmuş məqalələrin hər biri zamanın yaddaşıdır və tədqiqatçılar üçün məlumat mənbəyidir.
Bu kitab Məhəmməd Əmin Rəsulzadənin 140 illiyinə ADA Universitetinin töhfəsidir.