Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında (BMA) Xalq artisti, Dövlət mükafatı laureatı Süleyman Ələsgərovun 100 illiyinə həsr olunmuş konsert-konfrans keçirilib.

Tədbirdə çıxış edən BMA-nın musiqi nəzəriyyəsi kafedrasının müdiri, Əməkdar müəllim Könül Nəsirova, Xalq artisti Azər Dadaşov, Əməkdar incəsənət xadimləri İmruz Əfəndiyeva, Həcər Babayeva sənətkar haqqında xatirələrini bölüşüblər. Eyni zamanda, Üzeyir Hacıbəyli ənənələrini yeni səviyyəyə ucaldan sənətkar Süleyman Ələsgərovun keçdiyi yaradıcılıq yoluna da nəzər salınıb.

Ölməz sənətkarın bəzi əsərlərinin yeni formada təqdim edilməsi qonaqlar və iştirakçılar tərəfindən maraqla qarşılanıb. Tədbirdə, həmçinin Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin konsertmeysteri Rəna Zəkiyeva, tarzən-şagirdlər Rəvan Əfəndi və Tuncay Əşrəfli də çıxış ediblər.

Sonda S.Ələsgərovun ömür yolunu əhatə edən videoçarx və fotoşəkillər nümayiş olunub.