Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində fəaliyyət göstərən Niyazi adına 22 nömrəli, Əhməd Bakıxanov adına 6 nömrəli və Arif Məlikov adına 11 nömrəli musiqi məktəblərinin şagirdləri IV beynəlxalq “Grand Victoria” vokal-instrumental müsabiqəsində uğur qazanıblar.

Müsabiqə Qazaxıstan və İngiltərənin təşkilatçılığı ilə 18-25 fevral tarixlərində onlayn formatda keçirilib.

22 nömrəli Musiqi məktəbinin şagirdlərindən Banu Qasımova 8-10 yaş kateqoriyası üzrə fortepiano nominasiyasında I, Fərəh İsmayılova və Gülay Abdullazadə II yerə layiq görülüblər. 11-13 yaş kateqoriyasında həmin məktəbdən Fatimə Hüseynova I yeri, Aysel Piriyeva Qran-pri mükafatını qazanıb. 6 nömrəli məktəbdən Sara Teyyublu 8-10 yaş kateqoriyası üzrə I yerə layiq görülüb. 11 nömrəli musiqi məktəbinin şagirdi Xədicə İsmayılzadə isə 14-16 yaş kateqoriyası üzrə fortepiano nominasiyasında Qran-pri mükafatını alıb.

Qalib şagirdlərin müəllimləri də təşəkkürnamə ilə təltif ediliblər.