“İşgəncələr məbədi – Şuşa həbsxanası” filmi nümayiş olunub

 

Parisdəki səfirliyimizin nəzdindəki Mədəniyyət Mərkəzində Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının təşkilatçılığı ilə Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib. Tədbirdə fransız elm adamları, jurnalistlər, vəkillər, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Səfir Leyla Abdullayeva iştirakçılara Xocalı soyqırımı ilə bağlı məlumat verib. Diplomat Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr edilmiş tədbirə qatıldıqlarına görə Fransa ictimaiyyətinin nümayəndələrinə təşəkkürünü bildirib. Vurğulayıb ki, Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun Azərbaycan ərazi bütövlüyünü bərpa etməsindən, ölkəmizin bütün ərazisində suverenliyinin bərqərar olmasından sonra bu il ilk dəfə soyqırımı qurbanlarının xatirəsi Xocalıda da anılıb.

Bildirilib ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilmiş beynəlxalq maarifləndirmə kampaniyası çərçivəsində bir sıra ölkələr Xocalı faciəsini soyqırımı kimi tanıyıb: “Azərbaycan ədalət çağırışları edir, bu çağırışlar unudulmamalıdır. Bu çağırışlar məhz gələcəkdə belə faciələrin qarşısını almaq və insanlıq əleyhinə belə cinayətlərin təkrarlanmaması üçün Xocalı soyqırımı yaddaşlarda həkk olunmalıdır”.

Münaqişənin başa çatdığını, Azərbaycanın azad olunmuş ərazilərində quruculuq işlərinin aparıldığını, keçmiş məcburi köçkünlərin doğma torpaqlara qayıdışının başlandığını xatırladan diplomat deyib ki, Azərbaycanın məqsədi regionda davamlı sülhə nail olmaq və onu qoruyub saxlamaqdır.

Dövlət Təhlükəsizliyi Xidməti Mətbuat xidmətinin rəisi Tamerlan Rəhimov Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının fəaliyyəti haqqında məlumat verib. Bildirib ki, Xocalı soyqırımı da daxil olmaqla, Qarabağ münaqişəsi dövründə 4 minədək insan itkin düşüb və onların taleyindən hələ də xəbər yoxdur. Ermənistan bu insanlar haqqında məlumat vermir. O, əsir və itkin düşmüş, girov götürülmüş insanların axtarışlarına dair aparılan işlərdən, ötən müddətdə aşkarlanan kütləvi məzarlıqlardan da bəhs edib.

Fransalı jurnalist Jan-Mişel Brən Şuşaya səfəri zamanı işğal dövründə ermənilərin törətdikləri dəhşətli mənzərənin şahidi olmasından, Şuşa haqqında yazdığı kitabdan söz açıb.

Sonra tədbir iştirakçıları Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının yardımı ilə hazırlanmış “İşgəncələr məbədi – Şuşa həbsxanası” adlı sənədli film nümayiş olunub. Film Birinci Qarabağ müharibəsi zamanı Ermənistan silahlı birləşmələri tərəfindən əsir götürülərək Şuşa həbsxanasında saxlanılmış 3 azərbaycanlı əsirin məruz qaldıqları dəhşətlərdən bəhs edir. Ermənilərin işgəncələrindən qurtulmuş şahidlər filmdə acı xatirələrini bölüşüblər.