2024–2025-ci tədris ilində Qarabağ Universitetində 1000 tələbənin təhsil alması planlaşdırılır.
Elm və təhsil naziri Emin Əmrullayev bunu fevralın 29-da keçirilən brifinqdə deyib. O bildirib ki, universitetdə 70 nəfər professor-müəllim heyətinin yer alması planlaşdırılır.
Yaxın 5 ildə universitetdə tələbə sayının 5 minə çatdırılması gözlənilir. Universitetdə pedaqoji, mühəndislik, iqtisadiyyat, incəsənət, humanitar və sosial, turizm fakültələri olacaq.
Nazir qeyd edib ki, universitetdə çalışacaq müəllim heyətinin əməkhaqqı nisbətən yüksək olacaq. Yaxın ərazidə yaşayan müəllim heyətinin cəlb olunması nəzərdə tutulur. Xankəndi, Şuşa, Ağdamdan olan alimlərimizlə görüş keçiriləcək. İşçi heyəti Xankəndidə mənzillə təmin olunacaq.
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 28-də Xankəndidə Qarabağ Universitetinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncamla Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılır.
Sərəncamda Nazirlər Kabinetinə universitetin nizamnaməsini təsdiq etmək, fəaliyyətinin maliyyələşdirilməsi ilə bağlı zəruri tədbirlər görmək, eləcə də Xankəndi şəhərində torpaq sahəsi, tədris və yataqxana binaları, idman meydançası və digər infrastruktur obyektləri ilə təminatı məsələlərini həll etmək tapşırılıb.
2024-cü il fevralın 15-də isə Prezident İlham Əliyev Qarabağ Universitetinin fəaliyyətinin təşkili üçün Elm və Təhsil Nazirliyinə 10 milyon manat ayrılması haqqında sərəncam imzalayıb.