Paytaxtın mədəniyyət müəssisələrinin fəaliyyəti üzrə ictimai dinləmə

 

Mədəniyyət Nazirliyi yanında İctimai Şura tərəfindən martın 1-də Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyindəki müəssisələrin fəaliyyəti üzrə ictimai dinləmə keçirildi. 

Beynəlxalq Muğam Mərkəzində təşkil edilən tədbirdə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa, İctimai şuranın sədri millət vəkili, akademik Nizami Cəfərov, baş idarənin tabeliyində fəaliyyət göstərən müəssisələrin rəhbər və əməkdaşları iştirak edirdilər.  

Mədəniyyət komitəsinin eksperti Əkbər Qoşalının moderatorluğu ilə keçirilən dinləmədə əvvəlcə Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi İbrahim Əliyev qurumun şəbəkəsinə daxil olan mədəniyyət müəssisələri, fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verdi.

Diqqətə çatdırdı ki, Baş İdarə ümumilikdə 170 müəssisəni əhatə edir: 36 uşaq musiqi və incəsənət məktəbi, 4 konsert teatr təşkilatı, 11 Mərkəzləşdirilmiş Kitabxana Sistemi (o cümlədən 63 kitabxana filialı), M.Ə.Sabir adına Şəhər Kütləvi Kitabxanası, 44 mədəniyyət evi, sarayı, mərkəzi və klubu, 6 muzey və 3 Heydər Əliyev Mərkəzi, bu müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətlərini əlaqələndirən 2 maliyyə və iqtisadi regional bölmə. Baş idarənin tabeliyində olan mədəniyyət evləri və klublarda 21 xalq kollektivi, o cümlədən 9 xalq teatrı, 2 folklor ansamblı, 2 xalq rəqs ansamblı, 8 xalq çalğı alətləri ansamblı, 93 bədii özfəaliyyət kollektivi və dərnək mövcuddur.

Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Mustafa çıxış edərək müasir dövrdə cəmiyyətin mədəniyyətə münasibətinin böyük əhəmiyyət kəsb etdiyini dedi. Bildirdi ki, mədəniyyətin cəmiyyətdə dəyər qazanmasında insanların yanaşmasının mühüm təsiri var: “Bədii-estetik zövqü formalaşdıran insanların sayı azaldıqca cəmiyyətdə intellektual səviyyə də aşağı düşür. Sonradan bu səviyyəni bərpa etmək uzun zaman alır və çətin olur. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu gün bizə yeni ideyalar lazımdır. Bu ideyalar təkcə iqtisadi-siyasi sahədə deyil, həmçinin mədəniyyət və təhsildə də özünü büruzə verməlidir. İnsanların sosiallaşması üçün mədəni səviyyəni yüksək səviyyədə saxlamaq lazımdır. Xüsusilə, regionlarda bu sahəyə diqqət yetirilməlidir”.

Digər çıxışlarda mədəniyyət sahəsində gənclərə göstərilən diqqət və qayğıdan, incəsənət təhsilinin problemləri, baş idarənin tabeliyində fəaliyyət göstərən qalereya, teatr, kitabxana, musiqi və incəsənət məktəblərin iş prinsipləri, qanunvericilikdə nəzərdə tutulan müddəaları əsas tutmaqla yeniliklərin tətbiqi, sahə üzrə mövcud problemlərdən söz açıldı. İştirakçılar mövzular üzrə fikir və təkliflərini bölüşdülər.

Sonda çıxış edən akademik Nizami Cəfərov İctimai Şura tərəfindən qeyd olunan məsələlərlə bağlı müzakirələrin keçiriləcəyini diqqətə çatdırdı.

Lalə Azəri