Mədəniyyət Nazirliyində “TikTok” videoməzmun sosial media platformasının nümayəndə heyəti ilə görüş keçirilib. Fevralın 29-da nazir müavini Səadət Yusifovanın iştirakı ilə gerçəkləşən görüşdə “TikTok” platformasının Şərqi Avropada dövlət siyasəti və korporativ əlaqələr departamentinin direktoru Sergey Sokolov, “TikTok Live” baş direktorunun müavinləri Junjiao Bay, Junqing Wu və digər qonaqlar iştirak ediblər.
Söhbət zamanı qonaqlara Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “#TikTokdanÖyrən” (#LearnOnTikTok) müsabiqəsi barədə məlumat verilib. Layihənin əhəmiyyəti vurğulanıb, fikir mübadiləsi aparılıb. Nazirliyin tabeliyində olan müəssisələrin layihədə aktiv iştirakının təşviq edilməsi, mədəniyyət müəssisələrinin layihəyə cəlb olunması üçün “TikTok” tərəfindən əlavə təlimlərin keçirilməsi, “TikTok Live” vasitəsilə mədəniyyət sahəsinə dair məzmunun yaradılması mövzuları diqqət mərkəzinə çəkilib.
Xatırladaq ki, 21 fevral – 21 aprel tarixlərini əhatə edən #TikTokdanÖyrən” müsabiqəsinin məqsədi mədəniyyət müəssisələri tərəfindən yaradıcı videoların paylaşılması ilə bu müəssisələrə “TikTok” platforması vasitəsilə daha çox ziyarətçinin cəlb edilməsidir. Layihəyə aparıcı muzey, kitabxana və teatrlar qoşulub. Milli Azərbaycan Tarixi Muzeyi kolleksiyalarının eksponatlarını və Azərbaycan Milli İncəsənət Muzeyi sərgilərini nümayiş etdirir, Azərbaycan Milli Xalça Muzeyi qısa virtual turlar təşkil edir. Eyni zamanda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrı tamaşaların necə ərsəyə gətirilməsi, Dövlət Gənc Tamaşaçılar Teatrı aktyorların məşq prosesi və Akademik Milli Dram Teatrı aktyorların tamaşaya hazırlıq prosesi barədə məlumatlar təqdim edirlər.
Aksiyaya qoşulan hər bir mədəniyyət müəssisəsi “#TikTokdanÖyrən” həştəqindən istifadə edərək ən azı bir maarifləndirici videonu öz hesablarında yerləşdirməlidir. Qaliblər aprelin 30-dək layihənin “TikTok” hesabında elan olunacaq.