Martın 2-də Azərbaycan Dövlət Uşaq Filarmoniyasının “Musiqili uşaq teatrı” görkəmli rus yazıçısı Aleksey Tolstoyun “Qızıl açar və yaxud Buratinonun macəraları” povesti əsasında hazırlanan “Buratino” nağıl-tamaşasını təqdim edib.

Tamaşanın quruluşçu rejissoru Ağasəlim Feyzullayev, bədii rəhbəri Nigar Zeynalova, səhnə tərtibatçısı Əməkdar incəsənət xadimi Dilarə Əliyeva, rəqslərin quruluşçusu Günel Təhməzova, xormeysteri Leyla Muradzadə, rəssamı Səriyyə Teymurova, musiqi tərtibatçısı Zaur Rəşidovdur.

Balaca aktyorlar tamaşanı həm məsuliyyətin verdiyi həyəcan, həm də sevinc hissləri ilə təqdim ediblər. Səhnə dekorasiyası, fon musiqisi, iştirakçıların qrimləri, geyimləri pərdələr açılan kimi zalda əyləşən balaca tamaşaçıları sanki nağıllar aləminə aparıb. Səhnə dekorasiyasında təbii samandan, təbii ağac materiallarından istifadə olunub. Müxtəlif nağıl qəhrəmanları, onların rəngarəng rəqsləri və diqqətçəkən dekorasiya həlli uşaqlar tərəfindən alqışlarla qarşılanıb.