AMEA-nın Folklor İnstitutu Elmi şurasının qərarı ilə “Qərbi Azərbaycan folkloru” toplusunun I və II cildləri nəşr olunub. Kitabın layihə rəhbəri akademik Muxtar Kazımoğlu-İmanov, redaktoru dosent Əziz Ələkbərli, I cilddəki folklor örnəklərini toplayanlar dosent Ləman Vaqifqızı (Süleymanova) və Məhsəti Süleymanova, tərtibçisi Ləman Vaqifqızı, II cildi toplayıb tərtib edən dosent İlkin Rüstəmzadədir.
İnstitutdan bildirilib ki, cildlər Şəki, Biləsuvar, Salyan, Sabirabad və Bərdə rayonlarında, həmçinin Naxçıvan Muxtar Respublikası və Bakı şəhərində məskunlaşmış qərbi azərbaycanlılardan toplanmış folklor örnəkləri əsasında tərtib olunub. Materialların böyük əksəriyyəti 2023-cü ildə toplandığı üçün bölgə folklorunun müasir durumu, deportasiyanın bölgədəki folklor mühitlərinə vurduğu zərər haqqında aydın təsəvvür yaradır. Müxtəlif bölmələrdən ibarət olan hər iki cilddə Qərbi Azərbaycan sakinlərindən toplanmış əfsanə və rəvayətlər, nağıllar, lətifələr, inanclar, bayatılar, nəğmələr, uşaq oyunları yer alıb. Folklor toplamaları zamanı məlum olub ki, keçən əsrin 50-ci illərində bölgədən deportasiya olunmuş sakinlərin əksəriyyəti bölgəni səthi xatırlayır, yalnız ata-anasından eşitdiyi məlumatları çatdırır. Amma 1988-1989-cu illərdə deportasiya olunmuş əhalidə bölgə haqqında xatirələr hələ də canlılığını qoruyub saxlayıb, onlardan bölgədəki məkan və yer adları, ziyarətgahlar haqqında maraqlı məlumatları yazıya almaq mümkündür.
Folklor toplamaları göstərir ki, insanlar arasında savadlılıq artdıqca onlar mədəni ehtiyaclarını təkcə şifahi deyil, həm də yazılı mənbələr vasitəsilə ödəyirlər. Bu hal təhsilli şəxslər arasında özünü daha qabarıq göstərir. Onlar özlərinin bədii maraqlarını kitab vasitəsilə təmin edir, kitabdan öyrəndikləri rəvayətləri yeri gəldikdə başqalarına da söyləyirlər. Nəticədə bu gün şifahi ənənə təkcə ağızdan-ağıza ötürülərək gələn nümunələr hesabına deyil, həm də yazılı mənbələr hesabına formalaşır, yazılı mənbələrdən alınmış mətnlərin şifahi ənənədə çəkisi günü-gündən artır. Kitab mənşəli mətnlər şifahi ənənəyə daxil olaraq onu zənginləşdirir, daha da çeşidləndirir. Əslində həmin süjetlərin özləri də vaxtilə şifahi ənənədən yazıya alınıb, təkrar epik dövriyyəyə qayıtmaqla onlar yenidən özlərinin şifahi həyatlarını yaşamağa başlayır. Bu baxımdan, oxuculara təqdim olunan bu kitab yazılı mədəniyyətin şifahi ənənəyə təsirini öyrənmək üçün zəngin material verir.
Kitabın müsbət tərəflərindən biri odur ki, həcmcə yığcam janrlara dair bir çox nümunələr işləndiyi kontekst daxilində verilib. Mətnin kontekstinin qeyd olunması, onun başa düşülməsinə, anlaşılmasına xidmət edən amillərdən biridir. Ona görə də kitabda şifahi ənənədən yazıya alınmış bəzi atalar sözləri, bayatılar və inanclar işləndiyi kontekst daxilində verilib. Bu prinsip iri janrlarda da gözlənilib, əgər mətn müəyyən kontekst daxilində ifa olunubsa, həmin kontekstlə bağlı məlumatlar da mətnə əlavə edilib.
Bundan başqa, kitabda şifahi ənənədən yazıya alınmış yuxular və fal mətnləri də yer alıb. İndiyə qədər belə mətnlər toplanılmadığı üçün Azərbaycan folklorşünaslığında kimsə yuxugörmələrdən bir folklor janrı kimi bəhs etməyib. Amma yuxugörmə mətnləri üzərində müşahidələr göstərir ki, burada istifadə olunan simvolika sırf folklor simvolikasıdır, folkloru bilmədən onları izah etmək mümkün deyil. Bunu nəzərə alaraq kitaba şifahi ənənədən yazıya alınmış bir neçə yuxu və fal mətni də daxil edilib və onlar ayrıca yarımbaşlıq altında təqdim olunub.
Beləliklə, Qərbi Azərbaycan folkloruna dair yuxarıda qeyd olunan məsələlər, həm də bölgənin etnoqrafik həyatı, Qərbi Azərbaycandakı toponimlər, nəsillər və tayfalar, onların tarixi, deportasiya zamanı çəkdiyi müsibətlər, ermənilərin azərbaycanlılara qarşı törətdiyi faciələr haqqında daha ətraflı məlumat əldə etmək üçün Folklor İnstitutunun oxuculara təqdim etdiyi bu kitablar zəngin material verir.