Martın 4-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin böyük akt zalında Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun 90 illiyinə həsr olunmuş “Ədəbiyyatşünaslıq elminin baş qərargahı: ənənələr, mərhələlər və çağırışlar” mövzusunda yubiley tədbiri keçirilib.

Əvvəlcə tədbir iştirakçıları Ədəbiyyat İnstitutunun nəşrlərindən ibarət sərgiyə baxış keçiriblər.

AMEA-nın prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəyli tədbiri açaraq Azərbaycanda ədəbiyyatşünaslıq tədqiqatlarının tarixindən bəhs edib. Bildirib ki, Orta əsrlərin ədəbiyyat təzkirələri forma və məzmununa görə dövrün ədəbiyyat antologiyaları və ədəbiyyat tarixi materialları rolunu oynayıb. Azərbaycanda peşəkar ədəbiyyatşünaslıq XIX əsrin ikinci yarısında Mirzə Fətəli Axundzadə ilə başlayıb. Mirzə Fətəli təkcə Azərbaycan dramaturgiyasının və bədii nəsrinin deyil, həm də professional ədəbiyyatşünaslığın banisidir: “Lakin etiraf etmək lazımdır ki, Azərbaycanda ədəbiyyatşünaslıq müstəqil və sistemli elm sahəsi kimi XX əsrin əvvəllərində formalaşıb. Görkəmli ədəbiyyatşünas və böyük ictimai xadim Firidun bəy Köçərlinin bu dövrdə yazdığı məşhur “Azərbaycan ədəbiyyatı tarixi materialları” adlı çoxcildlik əsəri Azərbaycanda professional ədəbiyyatşünaslığın ən mühüm nailiyyəti sayılmağa tamamilə layiqdir”.

1923-cü ildə Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyətinin yaradılması, elmin digər sahələri ilə yanaşı, ədəbiyyatşünaslıq sahəsində də ilkin təşkilatlanmaya zəmin olub. 1929-cu ildə bu qurumu Azərbaycan Elmi-Tədqiqat İnstitutu əvəzləyib və onun strukturunda ədəbiyyatşünaslıq üzrə ayrıca istiqamət olub. 22 mart 1933-cü ildə SSRİ Elmlər Akademiyası Zaqafqaziya Filialının Azərbaycan Şöbəsində Ədəbiyyat sektoru təşkil edilib. Bununla gələcək Ədəbiyyat İnstitutunun əsası qoyulub. Tanınmış ədəbiyyatşünas Əli Nazimin rəhbərlik etdiyi sektorun bazasında 1935-ci ildə Ədəbiyyat İnstitutu təşkil olunub.

Sovet dövründə Ədəbiyyat İnstitutunda əldə edilən nəticələrdən bəhs edən İsa Həbibbəyli bildirib ki, 1957–1960-cı illərdə çapa hazırlanan 3 cildlik “Azərbaycan ədəbiyyatı tarixi” uzun dövr ərzində ölkəmizdə ədəbiyyatşünaslıq sahəsində mötəbər elmi mənbə kimi qəbul edilib. 1950–80-ci illərdə Ədəbiyyat İnstitutunda görkəmli elm xadimləri akademiklər Məmməd Arif Dadaşzadə, Məmməd Cəfər Cəfərov, Həmid Araslı, Kamal Talıbzadə, müxbir üzvlər Əziz Mirəhmədov, Yaşar Qarayev, professor Məmmədhüseyn Təhmasib tərəfindən ədəbiyyatşünaslıq elminin ayrı-ayrı sahələri üzrə elmi məktəblər yaradılıb.

Müstəqillik dövründə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun fəaliyyəti və ədəbiyyatşünaslıq elminin inkişafı daha da şaxələnib. Akademik son 10 ildə institutda zəruri struktur islahatlarının aparıldığını, Nizamişünaslıq, Mühacirət ədəbiyyatı, Mətbuat tarixi və publisistika, Müstəqillik dövrü Azərbaycan ədəbiyyatı və digər şöbələrin, Füzulişünaslıq sektorunun yaradıldığını diqqətə çatdırıb. Bundan əlavə, Azərbaycan ədəbiyyatının dövrləşdirmə konsepsiyası müəyyənləşdirilib. Artıq 7 cildi nəşr olunmuş “Azərbaycan ədəbiyyatı tarixi” oncildliyi bu konsepsiya və elmi cəhətdən müəyyən edilmiş inkişaf mərhələləri əsasında təqdim olunur.

Ədəbiyyat İnstitutunda türk xalqları ilə geniş elmi-ədəbi əlaqələr qurulub, Əlişir Nəvai, Mehmet Akif Ərsoy mərkəzləri yaradılıb, Məhtimqulu Fəraqi mərkəzinin təşkili üzrə iş gedir.

Beynəlxalq ədəbiyyatşünaslıq layihələrinə də diqqət ayrılır. Bu yaxınlarda Ədəbiyyat İnstitutu, Şota Rustaveli adına Gürcü Ədəbiyyatı İnstitutu və Kembric Universitetinin ortaq elmi layihəsi olan “Nizami Gəncəvi və Şota Rustaveli” adlı monoqrafik tədqiqat ingilis dilində nəşr edilib.

Tədbirdə çıxış edən Azərbaycan Yazıçılar Birliyinin sədri Xalq yazıçısı Anar Ədəbiyyat İnstitutunun Azərbaycan ədəbiyyatşünaslıq elminin inkişafında mühüm rol oynadığını, ədəbiyyatımızın çoxəsrlik tarixinin dərin və əhatəli öyrənilməsi, çağdaş ədəbi proseslərin, dünya ədəbiyyatına, ədəbi əlaqələrə dair aktual məsələlərin müntəzəm izlənilməsi və araşdırılması kimi vacib istiqamətlərdə əhəmiyyətli nəticələr əldə etdiyini bildirib.

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının (TÜRKSOY) baş katibi Sultan Raev Ədəbiyyat İnstitutunu tədqiqat ənənələri, görkəmli alimləri və çoxsaylı yetirmələri ilə Türk dünyasının mühüm elm mərkəzlərindən biri kimi xarakterizə edib. Baş katib akademik İsa Həbibbəyliyə TÜRKSOY-un “Şərəf” nişanını təqdim edib.

Daşkənd Özbək Dili və Ədəbiyyatı Universitetinin rektoru akademik Şuxrat Siracəddinov isə çıxışında bildirib ki, bu gün Ədəbiyyat İnstitutu iki ölkə alimlərinin əməkdaşlığına mühüm töhfə verir.

Milli Məclisin deputatı Xalq şairi Sabir Rüstəmxanlı, Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid, Avrasiya Yazıçılar Birliyinin sədri Yaqub Öməroğlu və digər çıxış edənlər Ədəbiyyat İnstitutunun kollektivinə təbrik və ürək sözlərini çatdırıblar.