Xalqımızın ən əziz bayramı Novruza sayılı günlər qalır. Bu gün ilaxır çərşənbələrdən ikincisi – Od çərşənbəsidir. Axşam ölkəmizin bütün guşələrində, o cümlədən 36 ildən sonra Xankəndidə tonqallar qalanacaq. Uzun illər əsas arzu-niyyəti “yağı tapdağında qalan yurdlarımız işğaldan azad olunsun”, “gələn il Novruzu əsir torpaqlarda qeyd edək” olan xalqımızın bu haqq-halal diləyi, nəhayət, gerçəkləşdi. Vətəndaşlarımız artıq qalib ruhla tonqalın üzərindən atılırlar...
Odun isti nəfəsi torpağın, təbiətin donunu açır, onu dirçəlməyə, yaratmağa, cücərtməyə həvəsləndirir. Bu ilıq nəfəsi gövdəsində, budağında hiss edən ağaclar sanki baharın gəlişinə inanmağa başlayır, tumurcuqlayır, çiçək açır...
Mifik düşüncədə od həm də müqəddəs hesab olunur. Bu müqəddəslik onun xilaskar kimi qavranılması ilə bağlıdır. Xalq yaddaşında odla bağlı xeyli deyim-duyum örnəkləri var. Məsələn, “Ocaq yananda səs çıxırsa, deyərlər ki, kimsə sözünü danışır”, “Ocağı dağıdan xeyir tapmaz”, “Od çərşənbəsində ocağı boş qoymazlar”, “Od qalar – köz olar, Qız qalar – söz olar”, “Oda pənah aparanın ocağı sönməz”, “Odla oynayan odsuz qalar”, “Od yanan yerdən tüstü çıxar”, “Ocağı söndürən çox olar, yandıran az” və s. nümunələrdə odun inanclar sistemində fərqli semantika daşıdığı görünür. Odla bağlı alqışlar isə onun insan həyatındakı vacib əhəmiyyətini diqqətə çatdırır: “Ocağın odlu, qazanın qaynar olsun”, “Ocağına nur çilənsin”, “Ocağın bərəkətli olsun”. Od həm də ulularımızın and yeri olub: “Od haqqı”, “Gün haqqı”, “Çıraq haqqı”...
Ən qədim zamanlardan üzü bəri od insan üçün sirr qaynağıdır. Onun əldə edilməsi insanların böyük tapıntı, yaşam üçün əvəzsiz bir vasitədir. Od, ocaq yaşayışın rəmzidir. Təsadüfi deyil ki, bu gün yaşadığımız evə ocaq da deyirik. Yaşayış məskənləri həm də ocaq yerlərindən, kül yığıntılarından bəlli olur. Eyni zamanda tarixin müəyyən mərhələlərində yaşayış məntəqələrində evlərin siyahıya alınmasında “tüstü” kəlməsindən istifadə olunub. Azərbaycanda xanlıqlar dövründə (XVIII əsr) ailə üzvlərinin sayından asılı olmayaraq hər evdən alınan vergiyə də “tüstü” deyilib. Məsələn, “Saracıq kəndi 8 tüstü vergi ödəyirdi. Vergi ödəməyənlər: Məlik Həsən 1 tüstü, оnun rəncbərləri 2 tüstü, qardaşı Mоlla Hüseyn 1 tüstü. Böyük xana vergi ödəyən rəiyyətlər 6 tüstü”. Göründüyü kimi, burada tüstü ev-ocaq anlamındadır.
Culfa rayonunun ucqar kəndlərində bu gün də yazda mal-qaranın otarılması ilə bağlı şərtlər müəyyən edilərkən “mal sayına, yoxsa tüstüyə?” ifadəsi işlədilir. Yəni naxırın otlağa çıxarılması ilə əlaqədar növbəlilik heyvan başına, yaxud da ev sayına görə müəyyən olunur.
Od çərşənbəsinə el arasında “üskü” (tonqal) və ya “ocaq çərşənbəsi” də deyirlər. İnanclara görə, insan odu nə qədər əzizləsə, bir o qədər yüngül olar, çətinlikləri azalar. Od çərşənbəsində ocağı yandırıb qazan qaynatsan, ilin sonuna qədər “ocağın yanar, qazanın qaynar” olar. Ocaqlarımızın odu əskik olmasın!
Qarşıda iki ilaxır çərşənbəsi var: martın 12-də Yel, 19-da Torpaq çərşənbələri qeyd olunacaq.
Ocaqlarımızın odu əskik olmasın!
F.Yunisli