Dövlət Tərcümə Mərkəzi tanınmış gürcü şairi, Gürcüstan Yazıçılar Birliyinin sədri Makvala Qonaşvilinin seçmə poetik nümunələrinin toplandığı “Min ikinci gecə” adlı şeirlər kitabını nəşr edib.
Tərcümə Mərkəzindən bildirilib ki, şairin yaradıcılığı haqqında yazılmış ön sözlə açılan kitaba müəllifin vətən, sevgi, həyat və ölüm mövzularında qələmə aldığı “Yol”, “İlahi səs”, “Şükranlıq”, “Tənhalıq məbədi”, “Etiraf”, “Görüş”, “Həqiqət” və digər bu kimi şeirləri daxil edilib.
Əsərləri dünyanın bir çox dillərinə tərcümə olunan Makvala Qonaşvili beynəlxalq poeziya müstəvisində “Lalələr tonqalı”, “Günəşin göz yaşları”, “Mən sizi sevirəm”, “Adlar və simalar”, “Çağırış”, “Buradan sizə qədər” kimi şeir kitabları ilə tanınıb.
Kitabın “Ön söz” müəllifi tanınmış yazıçı Etimad Başkeçid, gürcü dilindən tərcümə müəllifi şair İmir Məmmədli, redaktoru şair Mahir N.Qarayev və Şəfiqə Şəfadır.