Azərbaycanda fəaliyyət göstərən dini qurumların təşkilatçılığı ilə martın 8-də “Dinlərarası harmoniya” festivalı keçiriləcək.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, ölkəmizdə mənəvi dəyərlərin, tolerant və multikultural ənənələrin inkişafı və təbliği məqsədilə keçirilən festivalda Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası, Dağ və Avropa yəhudiləri, Roma Katolik Kilsəsinin Apostol Prefekturası, Azərbaycan Bibliya Cəmiyyəti, Azərbaycan Bəhailəri Dini Mərkəzi, Krişna Şüuru və digər dini qurumların fəaliyyətini əks etdirən təqdimatlar olacaq. Tədbirdə fotosərgi, sənədli filmlər, videoçarxlar və musiqi proqramı nümayiş olunacaq.
Festivala martın 8-9-da Bakıda keçiriləcək “Müxtəlifliyin qorunması: 2024-cü ildə islamofobiya ilə mübarizə” adlı konfransda iştirak edəcək xarici qonaqlar da qatılacaq.