Avropa İttifaqının ali icra orqanı – Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
“Yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməyiniz münasibətilə Sizi təbrik edirəm. Bu, Avropa İttifaqının bütün vətəndaşlarımızın maraqları naminə Şərq Tərəfdaşlığı çərçivəsində əhatə olunan ikitərəfli dialoqumuzun və bütün sahələrdə regional əməkdaşlığımızın, o cümlədən rifah və yaxşı idarəetmə prinsiplərinin möhkəmləndirilməsinə sadiqliyini vurğulamaq üçün münasib fürsətdir”, – deyə Ursula Fon der Lyayenin məktubunda bildirilir.
Qeyd olunur ki, Avropa İttifaqı Cənubi Qafqaz regionunda davamlı sülhə və sabitliyə, həmçinin regional əməkdaşlığa və əlaqələrə təkan vermək istiqamətində işləməyə sadiqdir.
Avropa Komissiyasının Prezidenti, həmçinin 2024-cü ilin noyabr ayında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransını – COP29-u səbirsizliklə gözlədiyini deyib: “Bu, şübhəsiz ki, iqlim və enerji keçidi gündəliyinin irəlilədilməsində Azərbaycanın liderlik nümayiş etdirməsi baxımından əla fürsət olacaq”.