Martın 5-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Bakıda səfərdə olan Rusiya Federasiyası Hökumətinin sədri Mixail Mişustin arasında görüş keçirilib.

Hökumət başçıları iqtisadi-ticari və investisiya əməkdaşlığının aktual məsələlərini müzakirə ediblər. Dövlət başçılarının tapşırıqlarına uyğun olaraq, energetika, sənaye, nəqliyyat, aqrar və mədəni-humanitar sahələrdə birgə layihələrin həyata keçirilməsinə xüsusi diqqət yetirilib.

Mədəni-humanitar əməkdaşlığın yüksək səviyyəsindən məmnunluq ifadə edilib. Tərəflər gələcəkdə də mədəniyyət, elm, gənclər siyasəti və təhsil sahələrində qarşılıqlı fəaliyyətin inkişafının zəruriliyini bildiriblər.

Görüşün yekunlarına dair turizm və mədəniyyətlə bağlı, həmçinin Azərbaycan-Rusiya dövlət sərhədindən keçid məntəqələrinin və avtomobil yolu infrastrukturunun inkişafına dair əməkdaşlığın gücləndirilməsi üzrə sənədlər imzalanıb.