Bülbülün Memorial Muzeyi “Bülbülün qonaqları” adlı yeni layihəyə başlayıb. Layihə üzrə ilk tədbir dahi müğənni Bülbülün sənət dostu, onun evində dəfələrlə qonaq olmuş görkəmli bəstəkar, Xalq artisti Süleyman Ələsgərovun (1924–2000) 100 illiyinə həsr edilib.
Muzeyin direktoru Fərqanə Cabbarova qonaqları salamlayaraq layihə haqqında məlumat verib. O, Süleyman Ələsgərovun ailə üzvlərinə – oğlu Arzu Ələsgərova, nəvələri – Əməkdar artistlər Tahir və Cabir İmanov qardaşlarına tədbirdə iştirak etdikləri üçün təşəkkürünü bildirib.
Əməkdar artist Tahir İmanov babası ilə bağlı xatirələrini bölüşüb, onun böyük Bülbüllə olan dostluğundan, doğma Şuşaya son səfərlərindən söhbət açıb. O, Bülbülün ocağında Süleyman Ələsgərovun xatirəsinin yad olunmasından məmnunluğunu bildirib.
Əməkdar artist, vokal ifaçısı Ramil Qasımovun təşəbbüsü və muzeyin iştirakı ilə yaradılan “Bülbül vokal məktəbi”nin tələbələri və Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin şagirdləri S.Ələsgərovun əsərlərindən ibarət musiqi proqramı təqdim ediblər.